BAKI, 21 sentyabr. TELEQRAF

"Xaqani Şirvani irsinin Azərbaycan ədəbiyyatı və milli-mədəni yaddaşımıza töhfə vermək baxımından əhəmiyyəti olduqca böyükdür. XII–XIII əsrlərə intişar tapmış və Şərq intibahı adlandırdığımız ədəbi inkişaf dövrü Azərbaycana dünya şöhrətli sənətkarlar bəxş edib. Onlardan biri də böyük mütəfəkkir Xaqani Şirvanidir".

Bu sözləri Teleqraf-a Filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva deyib.

O bildirib ki, Xaqani Şirvaninin əsərlərinin fars dilindən Azərbaycan dilinə filoloji tərcüməsi ilə məşğuldur: "Bununla yanaşı, şairin yaradıcılığının müxtəlif aspektlərinə həsr olunmuş 10-dan çox elmi məqalənin müəllifiyəm. Beş ilə yaxındır ki, bu istiqamətdə tədqiqat aparıram. Əvvəlcə Xaqaninin qəsidələrini, daha sonra isə qəzəllərini tərcümə etməyə başlamışam.

Tədqiqatlarım yalnız tərcümə ilə məhdudlaşmır. Xaqani Şirvaninin həyat və yaradıcılığının müxtəlif istiqamətlərini, əsərlərindəki dil, üslub, fəlsəfi və təsəvvüfi düşüncəni, həmçinin təşəxxüs anlayışına münasibətini araşdırıram. Bu prosesdə əsas məqsədlərdən biri Xaqani yaradıcılığında gizlənən məna qatlarını mümkün qədər dəqiq üzə çıxarmaqdır".

Tədqiqatçı bildirib ki, Xaqani Şirvani irsinin Azərbaycan ədəbiyyatı və milli-mədəni yaddaşımıza töhfə vermək baxımından əhəmiyyəti olduqca böyükdür: "XII–XIII əsrlərə təsadüf edən və Şərq intibahı adlandırdığımız ədəbi inkişaf dövrü Azərbaycana dünya şöhrətli sənətkarlar bəxş edib. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Fələki Şirvani, Əbülüla Gəncəvi kimi söz ustadlarımız məhz həmin dövrdə yaşayıb yaradıblar. Həmin dövrdə fars dili ədəbi yaradıcılığın əsas dillərindən biri idi. Azərbaycan şairləri türk təfəkkürünü, dünyagörüşünü və milli-mədəni yaddaşı fars dilinin poetik imkanlarından istifadə etməklə ifadə edirdilər. Xaqaninin yaradıcılığında da bu xüsusiyyət aydın şəkildə görünür.

Onun əsərlərində türk təfəkkürünün izlərini, xalq deyimlərini, atalar sözlərini və Azərbaycanla bağlı müxtəlif toponimləri, təbiət və tarixə dair məlumatları müşahidə etmək mümkündür. Şair bir sıra xalq deyimlərini fars dilinin poetik imkanları daxilində yenidən işləyərək öz yaradıcılığına daxil edib.

Xaqani, ilk növbədə, böyük qəsidə ustasıdır. Onun qəsidələri yalnız poetik sənət nümunəsi deyil, eyni zamanda dövrün ictimai, mədəni, tarixi və coğrafi mənzərəsini öyrənmək baxımından qiymətli mənbədir. Azərbaycan ərazisi, Şirvan, təbiət hadisələri və tarixi proseslərlə bağlı bir çox məlumatı onun əsərlərindən əldə etmək mümkündür".

Könül Hacıyevanın fikrincə, Xaqani yaradıcılığının Azərbaycan dilinə tərcüməsi xüsusi əhəmiyyət daşıyır: "Geniş oxucu kütləsi onun irsi ilə Məmmədağa Sultanov, Əkrəm Cəfər, Xəlil Yusifli, Mübariz Əlizadə, Mirvarid Dilbazi, İsmayıl Soltan, Əliağa Vahid, Balaş Azəroğlu, Ələkbər Ziyatay kimi sənətkarların ərsəyə gətirdiyi poetik tərcümələr vasitəsilə tanış olub. Bu tərcümələrin Xaqani irsinin Azərbaycan oxucusuna çatdırılmasında böyük xidmətləri var. Lakin filoloji tərcümə fərqli bir məqsəd daşıyır. Burada əsas məsələ yalnız şeirin poetik gözəlliyini qorumaq deyil, orijinal mətndəki hər bir sözün, ifadənin və məna əlaqəsinin mümkün qədər dəqiq müəyyənləşdirilməsidir.

Klassik fars dilində sözlər çoxmənalıdır, onların orta əsrlərdəki mənası müasir fars dilindəki mənasından fərqlənə bilər. Buna görə də sözün düzgün mənasını müəyyənləşdirmək üçün tarixi və izahlı lüğətlərə, klassik mətnlərə və həmin dövrün ədəbi kontekstinə müraciət etmək zəruridir.

Xaqaninin dili xüsusilə mürəkkəbdir. O, oxucunu yalnız şeiri oxumağa deyil, həm də düşünməyə və araşdırmağa sövq edən mürəkkəb poetik üsluba malikdir. Eyni sözün bir neçə mənada işlənməsi, müxtəlif şairlərə, dini-fəlsəfi mətnlərə və tarixi hadisələrə işarələr, eləcə də orijinal metaforalar onun poeziyasının tərcüməsini çətinləşdirir.

Məsələn, Xaqaninin “Quşların söhbəti” adı ilə də tanınan, baharın təsvirinə həsr olunmuş qəsidəsində “beydəğ” sözü poetik tərcümədə “bayraq” kimi çevrilib. Halbuki həmin sözün klassik fars dilində “şahmat piyadası” mənası da var. Beytdə söhbət arxların yaratdığı xətlər nəticəsində çəmənin şahmat taxtasına bənzəməsindən və şeh damcılarının qönçələri şahmat fiqurlarına oxşatmasından gedir. Bu kontekst nəzərə alındıqda “beydəğ” sözünün “bayraq” kimi deyil, şahmat fiquru mənasında anlaşılması daha əsaslı görünür.

Başqa bir nümunədə “moukebe-sobh”, yəni “sübhün qoşunu” ifadəsi poetik tərcümədə “səhər süfrəsi” kimi təqdim edilib. Halbuki Xaqani burada günəş şüalarını sübhün qoşununa bənzədir və onun ulduzları dağıtmasını səhərin açılması ilə əlaqələndirir. Belə nümunələr göstərir ki, Xaqaninin poetik dünyasını düzgün anlamaq üçün yalnız sözün lüğəvi qarşılığını deyil, onun işlənmə kontekstini də nəzərə almaq lazımdır.

Daha maraqlı nümunələrdən biri “xolqani” sözüdür. Bu söz bəzi poetik tərcümələrdə “xəlqani” kimi təqdim edilib. Halbuki klassik fars dilində “xolqan” və “xolqani” sözlərinin “köhnə”, “köhnə əşya alıb satan”, “nimdaş geyinən”, “köhnə paltar yamayan” kimi mənaları var. Xaqaninin həmin beytini düzgün anlamaq üçün onun Sənai Qəznəvi ilə ədəbi əlaqələrinə də nəzər salmaq lazımdır. Sənai yaradıcılığında “xolqan” sözünü mədhiyyə şairlərini tənqid edən kontekstdə işlədib. Xaqani isə özünü həmin “xolqani” obrazı ilə əlaqələndirməklə həm öz yaradıcılığına tənqidi münasibətini ifadə edir, həm də Sənaiyə işarə edir.

Bu nümunə Xaqani yaradıcılığında intertekstuallığın nə qədər mühüm olduğunu göstərir. Şair yalnız özündən əvvəlki ədəbi ənənədən bəhrələnmir, həmin ənənə ilə polemik münasibətə də girir. Xüsusilə Sənai Qəznəvi Xaqaninin yaradıcılığında xüsusi yer tutur. Xaqani bir çox hallarda öz sənətkarlığını və yaradıcılıq mövqeyini Sənainin irsi ilə müqayisə edir və ona böyük ehtiram göstərir".

Könül Hacıyeva vurğulayıb ki, Xaqaninin dünyagörüşü və təfəkküründə türk-Azərbaycan mühiti mühüm yer tutur: "Lakin dil, poetik forma, söz ehtiyatı və ədəbi təsirlər baxımından onları klassik fars ədəbiyyatı kontekstində də araşdırmaq zəruridir. Xaqani və Nizami kimi sənətkarlar özlərindən sonrakı ədəbiyyata böyük təsir göstərdikləri kimi, özləri də Sənai, Firdovsi və digər əvvəlki söz ustadlarının yaradıcılığından bəhrələniblər.

Filoloji tərcümə zamanı bu ədəbi əlaqələri nəzərə almaq bəzən bir sözün və ya bir beytin əsl mənasını üzə çıxarmağa imkan verir. Bu mənada tərcümə sadəcə bir dildən digərinə çevirmə prosesi deyil, həm də mətnin, onun tarixi-mədəni kontekstinin, poetik sisteminin və ədəbi əlaqələrinin araşdırılmasıdır.

Etdiyimiz filoloji tərcümə və tədqiqatlar göstərir ki, Xaqani Şirvaninin irsi məzmun və forma baxımından olduqca zəngin, çoxqatlı və hələ tam tədqiq edilməmiş böyük bir ədəbi xəzinədir. Onun əsərlərinə hər yeni müraciət bizə yalnız yeni poetik nümunələr deyil, həm də Azərbaycan ədəbi-mədəni tarixinin müxtəlif aspektlərini öyrənmək üçün yeni imkanlar yaradır".