BAKI, 21 sentyabr. TELEQRAF

“ABŞ-nin İrana iqtisadi təzyiqləri gücləndirməsindən sonra İraq Tehranın dollara çıxışı üçün qalan yeganə yoldur”.

Teleqraf xəbər verir ki, bunu İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Şirvan Duberdani “Iran-İnternational”a deyib.

“İraqdan İrana və ya digər istiqamətlərə dollar qaçaqmalçılığı hələ də davam edir”, - deputat bildirib.

ABŞ-nin İraqa qarşı mümkün sanksiyaları barədə o qeyd edib ki, Vaşinqton təxminən bir aydır Bağdada dollar köçürmələrini dayandırıb və dolların İraq dinarı qarşısında məzənnəsi yüksəlib.

İraq parlamentinin deputatı həmçinin vurğulayıb ki, ABŞ ölkədə qanunsuz fəaliyyət göstərən silahlı qrupların nəzarət altına alınması məsələsində ciddidir və burada güzəştə getmir: “Bağdad bu qrupları tərksilah edə və silahlar üzərində dövlət nəzarətini təmin edə bilməsə, ABŞ-nin İraqa qarşı neft sektorunu da əhatə edən genişmiqyaslı sanksiyalar tətbiq etməsi ehtimalı mövcuddur”.