
BAKI, 6 aprel. TELEQRAF
Danışıqlar davam etdiyi üçün ABŞ Rusiyadan gələn mallara rüsum tətbiq etməyib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett "ABC" telekanalına müsahibəsində bildirib .
“Rusiya və Ukrayna ilə danışıqlar gedir və düşünürəm ki, prezident bu iki məsələni qarışdırmamaq qərarına gəlib”, - Hasset deyib.
Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp idxal rüsumlarının yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiya Federasiyasına qarşı heç bir rüsum tətbiq edilməyib. Qeyd olunur ki, yeni ticarət rüsumları qlobal iqtisadi artımın yavaşlamasına və neftin qiymətinin kəskin aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da Rusiyaya da təsir edəcək.