BAKI, 8 aprel. TELEQRAF

ABŞ tərəfindən əlavə tariflərin tətbiqi Vaşinqtonun səmimi dialoqa meylli olmadığını sübut edir.

Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib.

"Amerika tərəfinin hərəkətləri onların ciddi danışıqlara hazır olmadığını göstərir. Əgər ABŞ doğrudan da dialoq aparmaq niyyətində olsaydı, bu, bərabərlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş siyasətdə əksini tapardı. Əgər Vaşinqton iki ölkənin və beynəlxalq ictimaiyyətin maraqlarını görməməzliyə vuraraq ticarət və tarif müharibələrində israr edəcəksə, Çin buna qədərincə cavab verməyə davam edəcək", - Lin Tszyan qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Çinə 34 faizlik yeni gömrük tarifləri tətbiq edib. Çin tərəfin eyni miqdarda gömrük vergisi qoymasından sonra Tramp Çini 50 faizlik yeni gömrük tarifi ilə hədələyib.