BAKI, 8 aprel. TELEQRAF

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərliyi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazir özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, “ICL Group” nümayəndələri ilə avtomobil və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq perspektivləri, xüsusilə Orta Dəhliz çərçivəsində yükdaşımaların həyata keçirilməsində şirkətin mümkün iştirakı ətrafında fikir mübadiləsi aparılıb.

“Elbit Systems” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə isə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanda mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları da nəzərdən keçirilib.