BAKI, 8 aprel. TELEQRAF

Aprelin 12-də İran və ABŞ nümayəndələri arasında görüş keçiriləcək.

Teleqraf xəbər verir ki, iki ölkə arasında gərginlik son dərəcə artıb. Vaşinqtonun ən böyük narahatlığı İranın yaxın zamanda nüvə silahı əldə etməsidir. Lakin İranın ali lideri Ayətullah Əli Xameneyi 2003-cü ildə verdiyi fətvaya əsasən, Tehran heç bir halda nüvə silahı əldə etməyəcək. Ancaq son zamanlar İranda artan uran zənginləşdirməsi bunun əksini göstərir və beynəlxalq ictimaiyyət bundan çox narahatdır.

1979-cu ildə İslam İnqilabı nəticəsində Məhəmməd Rza şah devrildi və o, ABŞ-yə qaçdı. Hakimiyyət Ayətullah Əli Xomeyniyə keçdi və Tehran keçmiş şahın ölkəyə qaytarılmasını Vaşinqtondan tələb etdi, lakin ABŞ tələbə müsbət cavab vermədi. Həmin ilin noyabrında bir qrup iranlı tələbə Tehranda Amerika səfirliyini işğal edərək 52 amerikalı diplomatı əsir götürdü. Bu hadisə iki ölkə arasındakı münasibətlərin uzun müddət gərginləşməsinin başlanğıcı oldu.

1981-ci ildə ABŞ və İran arasında Əlcəzair müqaviləsi imzalandı. Bu müqavilə ilə İran diplomatik münasibətlərin bərpası və əsir götürülən 52 amerikalı diplomatın azad olunmasını təmin etdi. Bəyanatda İranın daxili işlərinə qarışmama, aktivlərinin bərpa edilməsi və bəzi ticarət sanksiyalarının aradan qaldırılması ilə bağlı maddələr yer alırdı.

İran-İraq müharibəsində ABŞ-nin İraqı dəstəkləməsi ölkələr arasında ziddiyyəti mütləq həddə çıxartdı. Bu ziddiyyət və gərginliklər 2013-cü ilə qədər davam etdi.

Ancaq, 2013-cü ilin sentyabrında seçilməsindən bir neçə həftə sonra, İranın Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Barak Obamaya telefonla zəng etdi. Bu, son 30 ildə iki ölkə liderləri arasında ilk birbaşa əlaqə idi və münasibətlərin yaxşılaşması üçün bir addım olaraq qəbul edildi. Bunun nəticəsində regionda gərginlik azaldı.

2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) razılaşması əldə edildi. Bu razılaşma çərçivəsində İran nüvə fəaliyyətlərini müəyyən şərtlərlə məhdudlaşdırır, qarşılığında isə beynəlxalq sanksiyalar aradan qaldırılırdı. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp bu razılaşmadan çıxma qərarı aldı və İran üzərindəki sanksiyaları bərpa etdi. Bu addım, regionda gərginliyin yenidən artmasına səbəb oldu.

2020-ci ilin yanvarında ABŞ-nin İraqdakı hərbi qüvvələri əməliyyat keçirərək İranın generalı Qasım Süleymanini öldürdü. Bu hadisə iki ölkə arasında birbaşa hərbi qarşıdurma riskini artırdı və regionda geniş əks-səda doğurdu.

İran və ABŞ arasındakı münasibətlər Jo Bayden 2021-ci ildə prezident seçilməsindən sonra müəyyən dəyişikliklərə uğramışdır. Bayden administrasiyası Donald Trampın dövründə tətbiq olunan sərt sanksiyaların və İrana qarşı təzyiqlərin yüngülləşdirilməsi üçün daha diplomatik yanaşma nümayiş etdirdi. Bu müddət ərzində başlıca məsələlərdən biri İranın nüvə proqramı idi.

2021-ci ilin aprel ayında Vyanada ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqlar başladı. Bu danışıqlarda məqsəd, İranın nüvə proqramının təkcə mülki məqsədlər üçün olduğunu təsdiqləmək və bunun qarşılığında sanksiyaların aradan qaldırılması idi. Lakin danışıqlar prosesində mühüm bir irəliləyiş əldə etmək mümkün olmadı.

ABŞ və İran arasında son qeyri-rəsmi görüş 14 noyabr 2024-cü ildə baş tutub. Bu dövrdə Tramp ikinci dəfə ABŞ prezidenti seçilmiş, ancaq səlahiyyətlərinin icrasına başlamamışdı. Trampa yaxın olan milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşmüş, ancaq görüşün detalları açıqlanmamışdı.

Danışıqların necə nəticələnməyindən asılı olmayaraq, Omandakı ABŞ-İran danışıqları mühüm tarixi əhəmiyyət daşıyır.