
BAKI, 8 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hərbi qüvvələr üçün təxminən 1 trilyon dollar həcmində müdafiə büdcəsi hazırladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüş zamanı bildirib.
Onun sözlərinə görə, bu büdcə ABŞ tarixində orduya ayrılan ən böyük vəsait olacaq.
“Biz, əslində təqribən 1 trilyon dollarlıq büdcəni artıq təsdiqlədik. Heç kim belə bir rəqəm görməyib. Ətrafımızda çoxlu təhlükəli qüvvələr var və biz güclü olmalıyıq. Bu səbəbdən büdcəni təsdiqləyəcəyik və mən fəxrlə deyə bilərəm ki, bu, hərbçilərə təqdim etdiyimiz ən böyük büdcə olacaq”, - Tramp bildirib.
Tramp bu fikirləri Yəməndə husilərə qarşı keçirilən əməliyyatlar kontekstində səsləndirib.
Görüşdə iştirak edən ABŞ müdafiə naziri Pit Heqset prezidentin açıqlamasına dərhal münasibət bildirməyib. Lakin daha sonra “X” platformasında paylaşım edərək yazıb: “Tezliklə: Müdafiə Nazirliyi üçün ilk trilyon dollarlıq büdcə. Prezident Tramp silahlı qüvvələrimizi bərpa edir və bunu sürətlə edir”.
Amerika mediasında yer alan xəbərlərə görə, Tramp və Heqsetin bu açıqlamaları gözlənilməz olub.
Çünki yeni büdcə layihəsinin ən tezi mayın sonunda təqdim ediləcəyi gözlənilirdi.
Xatırladaq ki, 2024-cü il üçün ABŞ-nin müdafiə büdcəsi 841 milyard təşkil edib.