
BAKI, 8 aprel. TELEQRAF
ABŞ-nin "İnter Mayami" klubu bir müddət əvvəl cari mövsümün sonunda İngiltərə "Mançester Siti"sindən ayrılacağını açıqlayan Kevin De Bruyne ilə maraqlanır.
Teleqraf-ın ESPN-ə istinadən verdiyi məlumata görə, Devid Bekhemin rəhbərlik etdiyi komanda belçikalı yarımmüdafiəçini "tapıntı siyahısı"na əlavə edib.
MLS-in qaydalarına görə, bu siyahıda olan futbolçu ilə digər klublar danışıqlar apara bilməz.
Daha əvvəl Səudiyyə Ərəbistanı təmsilçilərinin də De Bruyne ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm keçirdiyi 30 oyunda 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.