BAKI, 8 aprel. TELEQRAF

Siyasətdə zorakılığa, dağıdıb-tökməyə, xüsusən də söyüşə yer yoxdur. Kim qanunlar varkən, küçəni ünvan kimi göstərirsə, özünü inkar etmiş olur. Hazırda CHP-nin düşdüyü vəziyyət budur.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, CHP marginal bir təşkilat kimi fəaliyyət göstərir:

“Türkiyə son üç həftədə bir daha CHP-nin faşist üzünü gördü. Küçə aksiyaları və CHP sədrinin açıqlamaları əhatəli hücuma çevrildi. Linç siyahısına düşən yerli bizneslər ana müxalifətin marginal təşkilatları tərəfindən təqib və təhdidlərə məruz qaldı. CHP sədri məsuliyyətli davranmaq və məhkəmə sisteminin işini görməyə kömək etmək əvəzinə, (həbsdə olan İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı – red.) korrupsiya araşdırmasına mane olmağa üstünlük verir.

Dövlət qurumlarına böhtan ataraq, barmağını ədliyyə işçilərinə tuşlayıb, İstanbulda məskunlaşan cinayətkar təşkilatlarını ört-basdır etməyə çalışır. CHP də böyük bir sui-istifadənin olduğunun fərqindədir. Yaxşı bilirlər ki, ictimai rəydə əksini tapanlar aysberqin görünən hissəsidir. CHP rəhbərliyi İstanbulun necə talan edildiyini və bundan kimlərin faydalandığını dəqiq bilir. CHP cinayətkar təşkilatın kimləri xəraca, kimləri maaşa bağladığını da çox yaxşı bilir, panikasının əsas səbəbi budur. Buna görə də cinayətin üstünü ört-basdır etməyə çalışırlar.

CHP sədrinə bunu demək istəyirəm: qorxu, panika və təlaşın əcələ faydası yoxdur. Üzə çıxanlar üzə çıxacaqların xəbərçisidir. Nə edirsən et, ədalətin bərqərar olmasına mane ola bilməzsən. O çirkli əlləri sındırmaq isə məhkəmənin borcudur”.

Həmçinin Türkiyə prezidenti qeyd edib:

“Millətimiz bundan sonra da meydanı CHP faşizminə buraxmayacaq. İndiyə qədər etdiyi kimi, AK Partiya yenə tədbirli olacaq və sağlam düşüncə ilə hərəkət edəcək”.