BAKI, 8 aprel. TELEQRAF

Rusiya "Zenit"inin futbolçuları, rəhbərliyi və əməkdaşları klub tarixinin ən böyük fotoşəklində iştirak ediblər.

Teleqraf "Sportbox"a istinadən xəbər verir ki, fotosessiya Sankt-Peterburq təmsilçisinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutub.

“Qazprom Arena”da keçirilən çəkilişdə 1235 nəfər və iki it iştirak edib. Yüksək keyfiyyətli fotoşəkilin müəllifi 35 ildir komandada çalışan fotoqraf Vyaçeslav Yevdokimov olub.

Fotonun ön planında klubun İdarə Heyətinin sədri Aleksandr Medvedev, “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller, əsas komandanın baş məşqçisi Sergey Semak və klubun Direktorlar Şurasının sədri Yelena İlyuxina yer alıb.

Növbəti sırada əsas komandanın oyunçuları və məşqçiləri, idarə heyətinin və Direktorlar Şurasının üzvləri, həmçinin əsas sahələrin rəhbərləri olub. Onların arxasında solda qadın komandalarının nümayəndələri, sağda isə gənclər komandasının və “Zenit-2”nin oyunçuları var. Düzülüşü isə “Qazprom-Akademiya” komandalarının üzvləri tamamlayır.

Stadionun D sektorunda futbol klubunun əməkdaşları, o cümlədən ofisin, bazanın, "Qazprom Arena"nın və digər şöbələrin əməkdaşları yerləşiblər.

"Zenit" mayın 25-də 100 illik yubileyini qeyd edəcək.

Klubun qadınlardan ibarət komandasında çıxış edən Nigar Mirzəliyeva Azərbaycan millisinin düşərgəsində olduğu üçün fotoda yer almayıb.

Qeyd edək ki, "Zenit" Rusiya Premyer Liqasında 23 turdan sonra 47 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Növbəti çempionat oyununda Sankt-Peterburq komandası aprelin 13-də evdə hazırkı lideri "Krasnodar"la qarşılaşacaq.