BAKI, 8 aprel. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatının ikinci yarış günündə Azərbaycan milli komandasının daha 5 sərbəst güləşçisi döşək üzərinə çıxıb.

Teleqraf xəbər verir ki, pəhləvanlardan 3-ü adını yarımfinal mərhələsinə yazdırıb.

61 kq çəki dərəcəsində 1/4 finaldan yarışa qoşulan Nürəddin Novruzov albaniyalı Zelimxan Abakarova 2:11 hesabı ilə məğlub olub.

74 kq-da Ağanəzər Novruzov təsnifat mərhələsində Dünya Güləş Birliyi (UWW) bayrağı altında yarışan belaruslu Yeqor Akuliçi tam üstünlüklə (10:0) məğlub edib. Novruzov 1/4 finalda isə gürcüstanlı Georgiy Elbakidzeni 5:3 hesabı ilə udaraq adını yarımfinala yazdırıb. A.Novruzov finala gedən yolda albaniyalı Çermen Valievlə üzləşəcək.

86 kq-da 1/8 finalda Arseniy Djioyev UWW bayrağı altında mübarizə aparan Artur Naifonova məğlub olub - 1:2.

92 kq-da Osman Nurmaqomedov 1/8-də ukraynalı Denis Sahalyuku (Ukrayna) 11:0, 1/4 finalda isə UWW bayrağı altında yarışan belaruslu Yaroslav Yadkovskiyə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

125 kq-da 1/4 finaldan yarışa qoşulan Georgi Meşvildişvili macarıstanlı Vladislav Baytsayevə qalib gəlib. O, yarımfinalda UWW bayrağı altında yarışan belaruslu Denis Xromenkovla münasibətlərə aydınlıq gətirəcək.