
BAKI, 8 aprel. TELEQRAF
Tanınmış şair, araşdırmaçı-folklorşünas İlham Qəhrəmanın “Laçın folkloru” və “Qəmin eşqi” adlı kitabları çapdan çıxıb.
Teleqraf xəbər verir ki, şairin köçkün laçınlılardan toplayıb tərtib etdiyi “Laçın folkloru” kitabının ikinci nəşri AMEA Elmi Şurasının qərarı ilə baş tutub. 2009-cu ildə çap edilən kitabdan fərqli olaraq bu nəşrə yeni əlavələr edilib.
Oxucular birinci kitabda gedən folklor nümunələriylə bərabər “Xıdır Nəbi Bayramı haqqında”, “Üzərlik haqqında deyimlər”, “Axırıncı Çərşənbə haqqında”, “İlin aylarının milli adları”, “Həftənin günlərinin milli adları”, “Laçında işlənən dialekt və şivə sözlər” kimi yeni bölmələrlə tanış ola biləcəklər.
“Laçın folkloru” İlham Qəhrəmanın folklor sahəsində toplayıb tərtib etdiyi 7-ci kitabdır.
“Qəmin eşqi” şeirlər kitabı şairin poeziya sahəsində oxucularla 12-ci görüşüdür.
“Səndən dolayı”, “Mənim dərdim ayrı dərddir”, “Təcnis və cinaslar”, “Dülgər taxta yonur, mən söz yonuram”, “İnsan mənzərələri”, “Bəy budaqlar” və “Gözün aydın olsun, Laçın” bölmələri kitabın zənginliyinə dəlalət edir.