BAKI, 29 mart. TELEQRAF

"Tesla" şirkətinin baş direktoru İlon Mask şirkətinin 2025-ci ilin sonuna qədər 5000 optimus robotu istehsal etməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu açıqlama Maskın "Tesla"nın rüblük qazanc ilə bağlı "X"də verilən suallara cavab zamanı ortaya çıxıb.

Mask optimus robotlarında irəliləyişləri vurğulayaraq bildirib ki, şirkət ilin sonuna qədər 5000 robot istehsal etməlidir: "10000 vahidin yarısını əldə etsək, uğurlu olacağımızı söyləyəcəyəm. Amma hətta 5000 robot da Roma legionunun ölçüsünə bərabərdir. Qədim Romada bir legion 2-10 min əsgərdən ibarət idi", - deyə o qeyd edib.

Maskın sözlərinə görə, "Tesla" bu il ən azı bir robot legionu yaratmağı planlaşdırır, gələn il isə bu sayın 10 legion olacağı proqnozlaşdırılır. Bu, şirkətin gələcəkdə 50 min optimus robotu istehsal etməyi hədəflədiyini göstərir.

Robotların yaradılması "Tesla" üçün yeni bir sahə olduğundan Mask səhvlərə yol veriləcəyini də etiraf edib.