BAKI, 25 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” futbol klubu adını dəyişdirmə yönündə fəaliyyətini təxirə salıb.

Bu barədə Teleqraf-a müsahibəsində Tovuz təmsilçisinin İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.

Klub rəsmisi “Turan” adına keçid üçün başlanan proseslərin komandanın avrokuboklara namizədliyi səbəbindən hər hansı problem yaranmaması üçün ertələndiyini bildirib: “Bu yöndə proseslər gedir, üzərində də çalışılır. Nə qədər davam edəcəyi tam bəlli deyil. Amma növbəti mövsüm komandanın adının dəyişdirilməsi istiqamətində çalışmalar getməkdədir. Əslində bəlkə bir az tez etmək olardı. UEFA-dan bizə problemlər yarana bilər deyə, məsələni azacıq gecikdirdik. Çalışacağıq ki, 2025/2026 mövsümünə qədər həll edək”.

Qeyd edək ki, “Turan Tovuz" klubu adının dəyişdirilməsi üçün ötən ilin sonlarında AFFA-ya müraciət edib. Müraciətə qurumun İcraiyyə Komitəsinin dekabrın 17-də keçirilən iclasında baxılaraq müsbət yanaşılıb və bunun üçün hüquqi prosedurlara başlanılması qərara alınlb. Azərbaycanı avrokuboklarda ilk dəfə məhz “Turan” təmsil edib. Sonradan bu klub xeyli məbləğdə borca düşdüyü üçün fəaliyyətini dayandırıb. Ad dəyişikliyi həm də "Turan" adı altında faəliyyət göstərmiş klubun borclarını ödəməsindən sonra baş verə bilər.