BAKI. 25 mart. TELEQRAF

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Teleqraf-a geniş müsahibə verib. Federasiya rəsmisi qarşıdakı Avropa və dünya çempionatlarına hazırlıq, milli komandaların durumu və ACF-nin həyata keçirdiyi layihələrdən danışıb:

"2025-ci ildə bizim üçün nəticələr önəmlidir"

- 2025-ci ilə necə başlamısınız və yaxın planlarınız nələrdən ibarətdir?

- Əslində bu il də planauyğun başlanıb. Biz həm də yeni olimpiya tsiklinin başlanğıcındayıq. Həm ayrı-ayrılıqda hər bir ilə, həm də Yay Olimpiya Oyunlarına hazırlıq planımız olur. Bilirik ki, hansı yarış və təlim-məşq toplanışlarında hansı yaş kateqoriyası üzrə komandalarımız iştirak edəcək. Bu il üçün bir neçə əsas məqsədimiz var. Bunlar hər bir çəki dərəcəsində rəqabəti daha da gücləndirmək, gənclərin ustalıq səviyyələrinin artırılması ilə müvafiq çəki dərəcəsində rəqabəti daha da yüksəltmək, öyrətmə yolu ilə onların inkişaf səviyyələrini qaldırmaqdır. İkinci amil isə yeni cüdo qaydalarına adaptasiyadır. Ona görə də 2025-ci ildə bizim üçün nəticələr önəmlidir, qarşımıza qoyulan məqsədə maksimum nail olmalıyıq. Bundan əlavə, çalışmalıyıq ki, idmançılarımızın ustalıq səviyyələrini artıraq. Xüsusən, zəif nöqtələr üzərində işləməyə və zəif tərəfləri aradan qaldıraraq, güclü tərəflərimizə çevirməyə çalışmalıyıq.

- Milli komandaların hazırlıq planları necə qurulub?

- Hər birinin öz hazırlıq planı var. Kİşilərdən ibarət yığmanın əsas heyət üzvləri Yaponiyada təlim-məşq toplanışında oldular. Digər heyət Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Böyük Dəbilqədə çıxış etdi. Onlar bir müddət əvvəl Çexiyada toplanışda olmuşdular. Böyüklərdən ibarət komandamız Avropa və dünya çempionatlarından əlavə, VI İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək. Yeniyetmə qızlardan ibarət heyət Xorvatiyada toplanışda idi. Bu komanda üçün il ərzində 4 əsas yarış olacaq: Avropa çempionatı, Avropa Yeniyetmələrinin Olimpiya Festivalı, dünya çempionatı və MDB Oyunları. Hər bir yarış arasında bir ay vaxt var. Gənclərdən ibarət komanda Avropa və dünya çempionatlarında mübarizə aparacaq. Hazırlıqlarımız bu istiqamətdə tam gücü ilə davam edir.

- Ötən ay Bakıda Böyük Dəbilqə turniri təşkil etdiniz. Yarışda Azərbaycanın ümumilikdə 33 cüdoçusu çıxış etdi. Onların nəticələrini necə dəyərləndirərdiniz?

- Hər bir idmançının çıxışını dəyərləndirmək düzgün olmazdı. Ümumilikdə plana uyğun və normal çıxış etdilər. Yarışda əsas heyətin bir çox üzvü mübarizə aparmırdı. Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev, eləcə də Elcan Hacıyev, Turan Bayramov və Vüqar Talıbov müxtəlif səbəblərdən qatılmamışdılar. Yaşar Nəcəfov üçün bu, zədədən sonra ilk yarış idi. Ona görə də Bakıda keçirilmiş əvvəlki üç Böyük Dəbilqə ilə müqayisədə nəticəmiz zəif oldu. Bu, həm də onun təsirindən idi ki, Yaponiya millisi bura həm kişilər, həm də qadınların mübarizəsi üçün əsas heyətlə gəlmişdi. Halbuki adətən, ikinci-üçüncü nömrələrini göndərirdilər. Biz yarışlara hazırlığın bir mərhələsi kimi baxırıq. Ona görə də hər bir idmançının qarşısına qoyulan hədəflər olur. Elə cüdoçularımız var ki, qarşılarına qoyulan vəzifələri yerinə yetirə bilməzdilər. Məşqçilər heyəti onlarla birlikdə çıxışlarını analiz etdi və müəyyən düzəlişlər olundu. Bu, davam edən inkişaf prosesidir. Gələcək yarışlar - 23 - 26 apreldə Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatı və 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatı hansı istiqamətdə hərəkət etdiyimizi daha dəqiq göstərəcək.

- Dünya çempionatı ilə Avropa çempionatı arasındakı müddətin çox qısa olması və mundialın yay aylarına salınması nə ilə əlaqədardır?

- Beynəlxalq Cüdo Federasiyası dünya çempionatını olimpiadadan əvvəl keçirmək istəyir. Yay Olimpiya Oyunları iyul-avqust aylarında olur. Dünya çempionatı isə iyuna təsadüf edir. Bu, digər idman növləri ilə fərqimizdir. İki çempionat arasında təqribən 6 həftəlik zaman var. Bu, komandanı bir yarışdan digərinə hazırlamaq üçün çox qısa müddətdir. Belə xüsusiyyətləri nəzərə alaraq, komandamız ciddi hazırlıq keçir. Sonuncu dəfə payız aylarında - oktyabrda dünya çempionatı 2022-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə olub. Bundan sonrakı bütün dünya çempionatları may-iyuna təsadüf edib. 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunları Paris-2024-lə müqayisədə 12 gün tez - iyulun 14-də başlanacaq. Ona görə də yəqin ki, 2028-ci il dünya çempionatı mayda keçiriləcək. Bu, olimpiadaya lisenziya xalları verən son yarış olacaq. Burada yer tutmaq olimpiadaya vəsiqələrə ciddi təsir göstərə bilər. Lakin bu, elə də asan deyil. Ötənilki dünya çempionatını bir çox aparıcı cüdoçu hazırlıq prosesi ilə əlaqədar buraxmışdı. Yalnız Hidayət Heydərov və Zelim Kotsoyev həm dünya çempionatı, həm də olimpiadada qızıl medal qazana bildi. Performans direktorumuz Riçard Trautmanın yanaşması bir qədər fərqlidir. O, sistemi elə qurur ki, cüdoçularımız yarışdan-yarışa formalarını artıra-artıra getsinlər və ən əsas yarışda pik formaya çatsınlar. Halbuki, digər ölkələrdən olan mütəxəssislər bizə bunun riskli olduğunu deyirdilər. Bunların hamısı fərdi yanaşmalardır. Hər bir baş məşqçinin öz sistemi var. Pik formaya çıxmaq il ərzində bir dəfə mümkün olur. Digər vaxtlarda isə çalışaraq, 80-90 faiz səviyyəsində öz formanızı saxlaya bilərsiniz. Bunu edə bilsəniz, kifayət qədər yaxşı nəticə göstərməyiniz mümkündür. Şərtlər hamı üçün eynidir. Dünya çempionatı yay aylarına salınırsa, deməli, işimizi ona uyğun qurmalıyıq. Avropa və dünya çempionatları arasında fərq altı ay olsa, bu, bizdən başqa cür yanaşma tələb edəcək.

"Hədəf ən azı kişilərin mübarizəsində birinci yerdə olmaqdır"

- Gələn il Bakıda keçiriləcək dünya çempionatı hansı tarixlərdə olacaq?

- Yəqin ki, iyunda. Bu, tam olaraq, bizdən asılı məsələ deyil. Tarixləri Macarıstandakı dünya çempionatında dəqiqləşdirəcəyik. Eyni zamanda, dəqiq tarixi Gənclər və İdman Nazirliyi ilə də razılaşdırmalıyıq. Builki dünya çempionatı 13 - 20 iyunda olacaq. Yəqin ki, Bakıdakı mundial da analoji tarixlərə təsadüf edəcək. Ola bilər, bir həftə tez və ya gec olsun.

- Hədəflərinizdən biri də Gürcüstanı geridə qoymaq idi...

- Məsələ Gürcüstanda deyil. Onlar da Böyük Dəbilqəyə əsas heyətlə gəlməmişdilər, biz də Tbilisiyə əsas komandanı göndərməmişdik. Hədəfimiz hansısa ölkəni keçməkdən daha çox nəticələrimizi ildən-ilə, olimpiadalardan-olimpiadalara yaxşılaşdırmaqdır. Paris-2024 Yay Olimpiya Oyunlarında ümumi medal sıralamasında Yaponiyadan sonra ikinci yeri tutduq. Olimpiadaya nəzər salsaq, bəli, dediyiniz doğrudur. Amma bunların hamısı şərti məsələlərdir. Hər bir idmançı istədiyimiz nəticəni versə, birinci pillədə də ola bilərik. Niyə də yox?! İndi olmasa da, perspektivdə hədəf ən azı kişilərin mübarizəsində birinci yerdə olmaqdır.

- Avropa çempionatına da əsas heyət üzvlərini göndərməyəcəksiniz?

- 20024-cü ilin sonlarından 2025-ci ilin əvvəllərinədək seçim yarışlarımız olur. Bura Bakıda keçirilmiş Böyük Dəbilqə də daxildir. Ən yaxşı nəticə göstərmiş cüdoçuları milli komandanın əsas heyətinə cəlb edirik. Artıq məşqçilər heyətinin Avropa çempionatı üçün təqdim etdiyi ilkin heyət var, təsdiqlənib. Yəqin ki, martın sonlarında və ya aprelin əvvəllərində açıqlayacağıq. Onu deyə bilərəm ki, hər iki olimpiya çempionumuz Avropa çempionatında çıxış edəcək.

- Hidayət Heydərov və Zelim Kotsoyev Paris olimpiadasından sonra yarışlarda iştirak etmirdilər. Bəs məşqlərə qatılırdılar?

- Bəli, məşqlər edirdilər. Həm Hidayət Heydərov, həm də Zelim Kotsoyev olimpiadadan cəmi bir ay sonra məşqlərə başlamışdı. Sadəcə, məşqlər intensiv deyildi, özlərini formada saxlamaq üçün idi. İntensiv məşqlərə 2024-cü ilin dekabrından start verdilər. Yaponiya toplanışında məşqçilər heyəti qərar verib ki, olimpiya çempionlarımızın bu il ilk yarışı Avropa çempionatı olsun. Təbii ki, bu qərar cüdoçuların özləri ilə müzakirə aparıldıqdan sonra verilib. Belə görünür ki, onlar formalarının böyük hissəsini artıq bərpa ediblər.

- O zaman belə demək olarmı ki, Avropa çempionatına daha ciddi hədəflərlə gedirsiniz?

- Bunu tatami göstərəcək. Hədəf hər zaman dəyişməzdir. Heydərov və Kotsoyevin son çıxışları 2024-cü ilin 29-30 iyulunda olub. Doqquz aydan sonra yarışa çıxacaqlar. Bu, kifayət qədər böyük müddətdir. Məşq və yarış mühiti başqadır. Lakin hər ikisi təcrübəlidir, birinci yarışlarına çıxmırlar, onların ilk Avropa çempionatı deyil. Doqquz aydan sonra yarışa çıxmaq yenidən Avropa çempionu olmaları üçün ciddi maneə deyil. Əslində onların ilk yoxlama yarışı aprelin əvvəllərində Türkiyənin Antalya şəhərində keçirilməli olan Böyük Dəbilqə olmalı idi. Planı elə qurmuşduq ki, Yaponiyadakı üç həftəlik təlim-məşq toplanışından sonra komandamız Bakıya qayıtmalı, Antalyada Böyük Dəbilqədə çıxış etməli və daha sonra Avropa çempionatına yollanmalı idi. Təəssüf ki, bu yarış ləğv olundu və biz də planı dəyişmək istəmədik. Çünki plan çoxdan qurulmuşdu. Yaponiyadan daha tez qayıdıb Tbilisiyə Böyük Dəbilqəyə yollanmaqdansa, ilk sınağımız Avropa çempionatı kimi məsuliyyətli yarışın öhdəsinə düşdü. Əslində isə dünya çempionatı öncəsi Avropa çempionatı yaxşı bir sınaq olacaq.

"Yaponiya toplanışında hər şey plana uyğun oldu"

- Avropanın bir çox aparıcı cüdoçuları 7 - 9 martda Avstriya Qran Prisində mübarizə apardılar. Azərbaycan millisi niyə bu yarışda iştirak etmədi?

- Hər bir ölkənin öz hazırlıq planı olur. Bizim proqram öncədən belə idi ki, martda Yaponiya toplanışında olmalıyıq. Bunun özü təşkilati və logistik baxımından ciddi hazırlıq tələb edir. Beş ay öncədən plan belə qurulmuşdu. Həm Yaponiya milli komandası, həm də ölkənin müxtəlif klubları və universitet komandaları ilə bir araya gəlməli idik. Biz bunu dəyişə bilməzdik. Avstriyaya ümumiyyətlə komanda göndərmədik. Daha əvvəl Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Qran Pridə isə məhdud heyətlə çıxış etdik.

- Yaponiyadakı təlim-məşq toplanışı necə keçdi?

- Toplanış yaxşı keçdi. Həm böyüklər, həm də gənclərdən ibarət 32 nəfərlik heyət hazırlığın ilk həftəsində Kokuşikan Universitetində və sonrakı dörd günü Yaponiya milli komandası ilə birlikdə hazırlıq keçdilər. Adətən, bu komanda bütün üzvlərinin hazırlıq prosesinə başqa ölkələri asanlıqla dəvət etmir. Kənardan gələnlər oranın universitet komandaları ilə birlikdə təlim keçirlər. Universitet komandalarında ən azı 5 nəfəri milli üzvləri olur. Digərləri də kifayət qədər təcrübəlidirlər. Orada elə cüdoçular var ki, beynəlxalq miqyasda çıxış etmək üçün sadəcə, şans qazana bilmirlər. Hər çəkidə 8 cüdoçunun çıxışına icazə versələr, Yaponiya ilə rəqabətdən medalla ayrılmaq çox çətin olar.

- Hazırlıq prosesinin fərqli-fərqli məkanlarda aparılması nə ilə əlaqədar idi?

Orada sistem başqa cürdür, cüdoçular daha çox klublarda və universitet komandalarında məşq edirlər. Milli komanda olaraq, təqribən iki ayda bir dəfə toplanırlar. Böyük yarışlardan əvvəl isə ayyarım hazırlıq keçirlər. Qalan vaxtlarda daha çox öz universitetlərində və klublarında məşq edirlər. Daha sonra böyüklər Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində təlimdə oldular. Sonuncu həftəni isə böyüklər Kokuşikan Universitetində, gənclər Tsukuba Universitetində keçirdilər. Fərqli-fərqli üslublar və universitetlərdə çoxsaylı cüdoçularla birlikdə hazırlaşdılar. Hazırda Yaponiyada hər bir universitetin komandası ölkə çempionatına hazırlaşır. Yəni, özləri də təlim-məşq toplanışındadırlar. 81 kq çəkidə ikiqat olimpiya və dördqat dünya çempionu Takanori Naqase, 60 kq çəkidə olimpiya və dünya mükafatçısı Rüzü Naqayama Tokai Universitetində çalışır. Yaponiya milli komandasının baş məşqçisi Keyzi Suzuki həm də Kokuşikan Universitetində cüdo komandasında eyni vəzifəni tutur. Yəni, hər bir universitetdə milli komandanın aparıcı cüdoçuları çalışır. Hərəsində 100-120 cüdoçu məşq edir. Onlarla kifayət qədər rəqabət qabiliyyətli randorilər etmək olur. Bir sözlə, hər şey plana uyğun oldu.

"Yeni olimpiya tsikli hər kəs üçün sıfırdan başlanıb"

- Əlbəttə, bütün çəki dərəcələrində kütləvilik və rəqabətin olması təqdirəlayiqdir. Lakin razılaşaq ki, dünya çempionatı və olimpiada səviyyəsində cüdoçuların olmaması narahatlıq doğurur. Bu baxımdan, 60 kq çəki dərəcəsində son zamanlar yüksək nəticəli idmançıların yoxluğunu qeyd edə bilərikmi?

- Əvvəllər 60 kq çəkidə olimpiya çempionumuz Nazim Hüseynov, daha sonra Elçin İsmayılov, Nicat Şıxəlizadə, Orxan Səfərov və müəyyən müddət İlqar Müşkiyev olub. Digər idmançılar isə gəlib-gediblər. Hazırda 60 kq çəkidə lider nə Balabəy Ağayev, nə Turan Bayramov, nə Hüseyn Allahyarov, nə Əhməd Yusifov, nə də yeniyetmələr arasında ikiqat dünya çempionu Nihat Məmişovdur. Elit deyə biləcəyimiz cüdoçu Bayramovdur. Amma yaxın bir-iki il ərzində kimin lider olduğu üzə çıxacaq. Nə qədər təəccüblü səslənsə də, hazırda ən problemli çəki dərəcəmiz 60 kq-dır. Biz bunu başa düşürük. Hərçənd, hamı hesab edir ki, ən güclü çəki məhz 60 kq olmalıdır. Bu, belə deyil. Artıq idmançıların çəkilərinə çox ciddi nəzarət edirik. Ona görə də hətta yeniyetmə və gənclərin çəki dərəcələri artır. Əvvəllər isə yarışqabağı çəki salırdılar.

- Bəs 66 kq çəkidə vəziyyət necədir?

- Bu çəkidə Paris Böyük Dəbilqə yarışının qalibi Ruslan Paşayevi qeyd edərdim. Riçard Trautman bu yaxınlarda verdiyi müsahibəsində onu Avropa çempionatına aparacağını açıqlayıb. Bu, Paşayev üçün kişilər arasında belə bir yüksək səviyyəli ilk yarış olacaq. Eyni zamanda, təbii ki, Yaşar Nəcəfov, Bakı Böyük Dəbilqə yarışının bürünc medalçısı, zəhmətkeş cüdoçu Elşən Əsədov, yeniyetmələr arasında Avropa və dünya mükafatçısı Məhəmməd Musayev var. Lakin 66 kq çəkidə də 73 kq, 90 kq və 100 kq-dakı kimi lider yoxdur. Amma ümumi götürdükdə hazırda heç bir çəkidə bizim üçün lider yoxdur. Bunu baş məşqçimiz də bütün komandaya elan edib. Olimpiya çempionlarımız da daxil olmaqla, hamı lider, əsas heyətdə yer almağa layiq olduğunu sübut etməlidir. Yeni olimpiya tsikli hər kəs üçün sıfırdan başlanıb. Kimin bu şansdan necə istifadə edəcəyini zaman göstərəcək. Heç bir idmançı deyə bilməz ki, ona özünü göstərmək üçün şans verilməyib. Əksəriyyətinə 3-4 şans veriləcək. Məşqlərdə özlərini göstərmək elə özlərindən asılıdır.

- 81 kq çəki dərəcəsində Azərbaycanın lider cüdoçusu yoxdur. Bu, nə ilə əlaqədardır?

- Bizim bu çəki dərəcəsində problemimiz yoxdur. Son üç Böyük Dəbilqənin qalibi Zelim Tçkayev, gənclər və böyüklərin yarışlarında kifayət qədər böyük təcrübəyə malik Ömər Rəcəbli, gənclər arasında Avropa çempionu və dünya üçüncüsü Süleyman Şükürov kimi cüdoçularımız var. Hər üçü 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında hətta qızıl medal qazana biləcək potensiala malikdirlər. Mən heç bir sözü elə-belə demirəm.

- Ən ağır çəkidə Uşangi Kokauriyə rəqib varmı?

- 2022-ci ildə 100 kq-dan yuxarı çəkiyə Camal Qamzatxanovu cəlb etmişik. Qamzatxanov və Kokauri ilə yanaşı, Kənan Nəsibov, Ramazan Əhmədov kimi gənclərimiz var. Bu çəkidə də kifayət qədər rəqabət qabiliyyətli mühit formalaşıb. Lakin hər şey özlərindən asılıdır. Təbii ki, Qamzatxanovun da zalda olması idmançılarımızın inkişafına müsbət təsir göstərir. İndiyədək iki nəfər hazır idmançı dəvət etmişik: İrina Kindzerska və Səid Mollayi. Qalan hallarda dəvət etdiklərimiz yeniyetmə və gənc yaşlarında sıralarımıza qoşulublar. Onlar bizim komandamızın tərkibində beş-altı ildən sonra elit idmançıya çevriliblər.

"Dediklərim kimlər üçünsə boğazdan yuxarı sözlər kimi görünə bilər"

- Qadınlardan ibarət yığmada vəziyyət necədir?

- Fransalı Amina Abdellatif bu komandaya yeni baş məşqçi təyin olunub. Hazırda orada yeni məşq proqramı tətbiq olunmaqdadır. Kollektivdə yenidən adaptasiya prosesi getməlidir. Onu da deyim ki, biz Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında çıxış edəcəyik. İndiyədək kişilər arasında komanda yarışında çıxış etmişik və hətta Avropa çempionatında medalımız olub, İslam Həmrəliyi Oyunlarında qalibi olmuşuq, qarışıq komanda yarışlarında isə yeniyetmə və gənclər arasında yaxşı nəticələrimiz var. Yeniyetmələr arasında Avropa çempionu və 2 dəfə dünya vitse-çempionu olmuşuq, gənclər arasında Avropa çempionu adını qazanmışıq. 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da qarışıq komanda çıxış etmişdi. Lakin qitə çempionatında ilk dəfə təmsil olunacağıq. Hazırda qadınlardan ibarət komandada yeni adlar mövcuddur. Burada da müəyyən məsələlər var. Gültac Məmmədəliyeva zədədən təzə qayıdıb və yenicə məşqlərə başlayıb. Leyla Əliyeva əməliyyat olunub, Avropa çempionatını buraxacaq, dünya çempionatında iştirakı isə sual altındadır. Daha əvvəl Böyük Britaniyanı təmsil etmiş əslən türk Açelya Toprak hazırlıq prosesində tam iştirak etməyib, buna görə də özünü milli komandada təsdiqləməli, baş məşqçi onun hazır olduğunu görməlidir. Yəqin ki, o da Avropa çempionatında çıxış etməyəcək. Aydan Vəliyeva, Fidan Əlizadə kimi yeni nəsil idmançılarımız var. İş gedir. Sadəcə, vaxt və səbr lazımdır.

- Rəşad Məmmədovun gedişindən sonra Kifayət Qasımovanın qadınlardan ibarət millidə hansısa vəzifəyə qaytarılması mümkündürmü?

- Xeyr, elə bir planımız yoxdur. Yığmanın üzvü olan hər bir cüdoçu məşqçi də olacağı anlamına gəlməməlidir. Kifayət xanıma böyük hörmətimiz var, hazırda "Judo-2012" klubunda qadınlar üzrə baş məşqçi kimi çalışır. Ona uğurlar arzulayırıq.

- Məşqçilər heyətində etdiyiniz dəyişikliklər milli komandanın Avropa çempionatındakı çıxışına nə dərəcədə təsir göstərə bilər?

- Əslində ciddi dəyişikliklər etməmişik. Yeni məşqçilər cəlb olunub, qalan hamı yerindədir. Hədəfimiz əvvəlki yarışdan daha yaxşı çıxış etmək. daha yaxşı nəticə verməkdir. Son iki Avropa çempionatında iki qızıl medal qazanmışıq. 2023-cü ildə Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq), 2024-cü ildə isə Hidayət Heydərov və Elcan Hacıyev (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Monteneqroda ən azı bu nəticələri təkrarlamağa çalışacağıq. Lakin hər şeyi tatami göstərəcək. Olimpiya tsiklindən sonra yeni adlar gəlir. Komandamızda çəkisini dəyişənlər olmasa da, digər ölkələrdə belə idmançılar mövcuddur. Demək olar ki, olimpiadadan sonra ilk əsas yarışa qatılacağıq. Digər yarışlara idmançılar tam gücləri ilə hazırlaşmırlar. Ən əsas yarış isə dünya çempionatı olacaq. Hazırlıq prosesimizin nə qədər düzgün getdiyini və çatışmazlıqlarımızın harada olduğunu mundialda görəcəyik. Cüdodakı yeni qaydaları da yaddan çıxarmayaq. Bu, çox vacib məsələdir. Kimisi sürətlə adaptasiya olur, kimisi yox. Hidayət və Zelim ilk dəfə yeni qaydalarla mübarizə aparacaqlar. Görək, necə alınacaq.

- Yeni qaydaların tətbiqi də maraqlı məsələdir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Elnur Məmmədli qızıl medal qazandıqdan sonra qaydalarda ciddi dəyişiklik baş vermişdi. İndi isə Hidayət Heydərov və Zelim Kotsoyevin olimpiya çempionluğundan sonra analoji hal baş verdi. Bu dəyişikliklər təsadüf, yoxsa zərurətdir?

- Burada bilərəkdən heç bir dəyişiklikdən söhbət gedə bilməz. Qaydalar hamı üçün eynidir. Cüdoda qayda dəyişiklikləri hər bir olimpiadadan sonra baş verir. Fikrimcə, yeni qaydalar əvvəlkilərə nisbətən həm cüdoçularımız, həm də ümumilikdə cüdo üçün daha yaxşıdır. Yeni qaydalarla keçən yarışlar da göstərir ki, şido və qızıl xalların sayı azalıb. "Reverse seoi nage" Orxan Səfərov, Kəramət Hüseynov və Hidayət Heydərovun əsas fəndlərindən biri idi. Tokio-2020 olimpiadasından sonra bu fəndi ləğv etmişdilər. Bu isə Səfərov və Hüseynovun çıxışlarına müəyyən dərəcədə təsir göstərdi. Lakin Heydərov bunsuz da keçinməyi bacardı. Bu fəndi yenidən qaytarıblar. Lakin Orxan və Kəramət yığmada deyil. Hidayət üçün isə yaxşı oldu, bu fənddən yenə istifadə edə biləcək. Eyni zamanda yuko xalı qaytarılıb. Müəyyən dəyişikliklər edilib ki, fikrimcə, əvvəlkilərə nəzərən daha yaxşı qaydalardır. Sınaq müddəti yanvardan başlanıb. Yekun qərar dünya çempionatından sonra veriləcək. Ümid edirəm ki, daha ciddi sürprizlər olmayacaq.

- Bölgələrdə cüdo təlim mərkəzləri açırsınız. Bunların kütləvilikdən başqa hansı faydaları var?

- Əlimizdə nə imkan varsa, etməliyik. Hazırda Şabranda, İmişlidə və Zaqatalanın Mosul kəndində cüdo zalları tikilir. Qaxda böyük cüdo zalını təmir edirik. Cəlilabad, Astara, Kürdəmir və Ağdaş olimpiya idman komplekslərində yenicə cüdo zalları açıldı. Yəqin ki, apreldə Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı açılacaq. Eyni zamanda, cüdo zallarına tatamilərin paylanması davam edir. Məşqçilərin təhsili istiqamətində də işlər aparılır. Hərtərəfli fəaliyyət gedir. Məsələ təkcə medallarda deyil. Bunların hamısı federasiyanın fəaliyyətinin həm ölkədaxili, həm də beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Dediklərim kimlər üçünsə boğazdan yuxarı sözlər kimi görünə bilər. Amma əsas məqsədimiz ölkəmiz üçün layiqli vətəndaş yetişdirilməsinə töhfə verməkdir. İşimizi düzgün görsək, nəticə də gələcək. Nəticəyə fokuslanaraq, bunları yaddan çıxarsaq, o nəticələr stabil olmayacaq. Kəmər imtahanları, kata yarışları da sistemin parçalarıdır. Bunlar əlaqəli şəkildə fəaliyyət göstərəndə sistem bir-birini tamamlayır. Ona görə də bizi Yaponiyada qəbul edirlər. Əvvəllər oradan yaponiyalı mütəxəssislər rahat gəlmirdilər, indi isə gəlir, müxtəlif layihələrimizdə ekspert qismində iştirak edirlər. Bunların hamısı hərtərəfli fəaliyyətin nəticəsidir. Əvvəllər isə bizə baxıb "Bunlar yalnız yarışmağı bilirlər. Cüdonun digər tərəflərindən xəbərləri yoxdur" deyirdilər. Halbuki, elə deyil. Məşqçi Tərlan Həsənov fəaliyyətə başladığı vaxtdan həmişə öz zalında kəmər sistemi tətbiq edən məşqçilərimizdən olub. Sadəcə, bunu sistemli hala gətirib təqdim etmək lazım idi.