
BAKI. 26 mart. TELEQRAF
Qətlə görə barəsində edam hökmü çıxarılmış məhkum 50 ildən sonra bəraət qazanıb və 1,45 milyon dollar təzminat əldə edib.
Teleqraf xəbər verir ki, 89 yaşlı yapon İvao Hakamata 1968-ci ildə müdirini, həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinsə də, keçən il yenidən mühakimə olunduqdan sonra ona bəraət verilib.
Yerli mətbuatın yazdığına görə, bu, ölkə tarixində ən böyük təzminatdır.
Hakamata davası Yaponiyanın ən uzun və ən məşhur cinayət işi hesab olunur.
Keçən sentyabr ayında hakim məhkum haqqında bəraət hökmü çıxardı.
Lakin Hakamata məhkəmədə iştirak edə bilməyib. Psixi vəziyyətinin pisləşməsi ilə əlaqədar əvvəlki bütün dinləmələrdən azad edilib.
O, həbsdən çıxıb və 91 yaşlı bacısı Hidekonun himayəsində yaşayır.
Hakamata 1966-cı ildə Tokionun qərbindəki Şizuokadakı evində baş verən yanğından sonra müdirinin, müdirin arvadı və iki uşağının cəsədləri tapılan zaman miso emalı zavodunda işləyirdi. Onların dördü də bıçaqlanaraq öldürülüb.
Səlahiyyətlilər Hakamatanı ailəni öldürməkdə, evi yandırmaqda və 200.000 yen nağd pul oğurlamaqda ittiham ediblər.
Hakamata əvvəlcə günahını inkar etdi, lakin daha sonra gündə 12 saata qədər davam edən döyülmə və sorğu-suallardan sonra "hər şeyi etiraf etdi".
1968-ci ildə o, ölüm cəzasına məhkum edilib.
Vəkillər qurbanların geyimindən əldə edilən DNT-nin Hakamatanıya aid olmadığını, sübutların qondarma olduğunu iddia edirdilər.