
BAKI, 26 mart. TELEQRAF
“Bu, onun şəxsi fikridir. Mən bütün qarşılaşmalarda əvvəlki səviyyəmdə çıxış edir, ardıcıl oynayıram. Oyunumda da heç bir geriləmə yoxdur”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Kəpəz” komandasının futbolçusu Yeqor Xvalko Belarus yığmasının baş məşqçisi Karlos Alosun fikirlərinə cavab olaraq deyib.
Azərbaycan milli komandasını 2:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündən ispaniyalı mütəxəssis Xvalkonun Belarus yığmasına çağırılmamasını belə əsaslandırıb: “Xvalkonun milliyə dəvət olunması üçün daim oynaması, klubunda yaxşı çıxış etmək mütləqdir. Biz Azərbaycanda çıxış edib-etməməsindən asılı olmayaraq, bütün futbolçuları nəzərdən keçiririk”.
"Kəpəz"in kapitanı isə Alosun açıqlamalarına belə reaksiya verib: “Dünənki oyunu izlədim. Milli haqda çox danışmışam. Mənim mövqeyimdə yaxşı rəqabət var. Baş məşqçi odur, nəticəyə də o, cavabdehdir. Güvəndiyi futbolçuları yığmaya çağırır. Bu, mənim üçün problem deyil”.
28 yaşlı futbolçu “Kəpəz”in hazırki nəticələrinin onun milli karyerasına mənfi təsir etdiyini düşünmür: “Deyərdim ki, mövsümün əvvəlindəki çıxışımız bəli, buna təsir edirdi. Amma yeni ildən sonra komandamız daha sabit çıxış edir. Mən hər gün öz üzərimdə işləyirəm. Hətta əminəm ki, yenidən milliyə düşə bilərəm”.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 25-də “Bank Respublika Arena”da keçirilən yoldaşlıq görüşündə Belarus yığmasına 2:0 hesabı ilə uduzub.