
BAKI, 26 mart. TELEQRAF
Litvanın Ottava Konvensiyasından çıxma prosesində olduğunu və yaxın gələcəkdə partlayıcı maddələrin istehsalını artıracağı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş nazir Gintautas Paluckas məlumat verib.
O, Litva hərbçilərinin Rusiya və Belarusla sərhəddə hələ minalama işlərinə başlamadığını və sərhədlərin qorunması üçün başqa tədbirlər gördüklərini vurğulayıb. Bununla yanaşı, Litva uzaqdan idarə olunan "ağıllı minalar" almağı və partlayıcı maddələr istehsal edən zavodlar tikməyi planlaşdırır. Onun sözlərinə görə, artıq tank əleyhinə minaların istehsalı ilə məşğul olan yerli şirkətlərlə müqavilələr də imzalanıb.
Qeyd edək ki, martın 18-də Latviya, Litva, Polşa və Estoniyanın müdafiə nazirləri birgə bəyanat yayaraq, ölkələrinin Ottava Konvensiyasından çıxmalarını təklif ediblər. Onlar belə bir addımın Rusiya və Belarusla sərhəddə hərbi təhdidlərin artması ilə əlaqəli olduğunu vurğulayıblar. Latviyanın Baş naziri Evika Silina, hökumətin konvensiyadan çıxmaq məsələsini "mümkün qədər tez" nəzərdən keçirəcəyini qeyd edib.
Polşa isə “Şərq qalxanı” müdafiə istehkamları xəttinə 1 milyon piyada əleyhinə mina basdırmağı planlaşdırır. Bu, NATO-nun sərhəd bölgələrində təhlükəsizliyin artırılması və hərbi müdafiə mövqelərinin gücləndirilməsi məqsədilə atılacaq addımların bir hissəsidir.