
BAKI, 26 fevral. TELEQRAF
İran və Aİ üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa növbəti üç həftə ərzində ekspertlər səviyyəsində Tehranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
"Fevralın 24-də Cenevrədə keçirilən görüşdə biz bir neçə qərar qəbul etdik. Birincisi, biz ekspert və texniki səviyyədə məsləhətləşmələri davam etdirəcəyik. Yəqin ki, yaxın üç həftə ərzində görüşəcəyik və burada ekspertlərimiz daha çox məsələləri müzakirə edəcəklər", - o, "Tasnim" agentliyinə müsahibəsində bildirib.
Qəribabadi qeyd edib ki, tərəflər bütün məsələlərin danışıqlar yolu ilə həlli istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.
İranlı diplomatın sözlərinə görə, bütün danışıqlarda Tehran öz maraqlarını rəhbər tutur və imkanlardan yararlanır.