BAKI, 22 fevral. TELEQRAF

Ukraynaya qarşı müharibəyə görə məsuliyyət daşıyan Rusiyadır.

Teleqraf "CBS News"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücum etməsi üçün heç bir səbəb yox idi: "Bu müharibə heç vaxt baş verməməli idi. Amma sizə deyim ki, Bayden və Zelenski də səhv şeylər danışdılar. Zelenski özündən daha böyük və güclü birinin hücumuna məruz qaldı”.

Amerika prezidenti əmindir ki, Putin sülhlə bağlı razılaşmaq istəyir.

"O, razılaşmaq məcburiyyətində deyil, çünki istəsəydi, bütün Ukraynaya sahib ola bilərdi. Mən Putini daha gözəl və ya daha yaxşı vəsf etməyə çalışmıram. Mən sadəcə sizə bir həqiqəti deyirəm ki, müharibə olmamalı idi", -deyə Tramp bildirib.

Donald Tramp daha əvvəl müxtəlif bəyanatlarda bir neçə dəfə Rusiyanın Ukraynaya müdaxiləsinə görə məsuliyyəti Volodimir Zelenski və Co Baydenin daşıdıqlarını bildirib. Məsələn, Putinlə telefon danışığından dərhal sonra o qeyd edib ki, müharibənin başlamasının səbəblərindən biri Baydenin Ukraynanın NATO-ya üzv ola biləcəyini deməsi oldu.