
BAKI, 22 fevral. TELEQRAF
Türkiyənin ilk milli silahlı pilotsuz uçuş aparatı (PUA) - "Bayraktar TB2"-nin turbo mühərrikli və qabaqcıl süni intellektə malik yeni versiyası sınaq uçuşlarına başlayıb.
Teleqraf xəbər verir ki, "Bayraktar TB2T-Al" PUA-sının sınaq uçuşları Ədirnənin Keşan rayonunda gerçəkləşib.
Yeni nəsil PUA turbo mühərrik gücü, yüksək sürət, üstün hündürlük və ağıllı uçuş imkanlarına malikdir. 30 dəqiqədən az müddətdə 30 min fut yüksəkliyə çata bilir.
PUA sınaq uçuşlarında 30 min 318 fut yüksəkliyə çataraq öz rekordunu qırıb. Mövcud PUA-lardan daha çox sürətli dırmaşmaq və yüksək hündürlükdə uzun müddət qalmaq qabiliyyətinə malik olan "Bayraktar TB2T-Al" 300 km saat sürətlə hava üstünlüyünə malikdir.
PUA süni intellekt kompüteri ilə hava döyüşlərində üstün avtonom imkanlar təqdim edir.
PUA süni intellektlə dəstəklənən sistemləri sayəsində səmada fövqəladə hallarda avtomatik olaraq bazaya təhlükəsiz şəkildə qayıda bilir. Bu xüsusiyyəti ilə PUA döyüş meydanında dayanıqlığı və əməliyyat təhlükəsizliyini maksimum dərəcədə artırır.