
BAKI, 22 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kiyevin Vaşintona 400 milyard dollar təzminat ödəmək öhdəliyi olduğunu bildirib. O, bununla bağlı tezliklə Kiyevlə razılaşma əldə edəcəyinə ümidini ifadə edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində danışıb.
"Ümid edirəm ki, qısa müddət ərzində 400-500 milyardın bizə qaytarılmasını təmin edəcək sazişlər imzalayacağıq", - o deyib.
O, Ukrayna böhranının həllini gözlədiyini vurğulayıb.
"Biz xəzinəni çox uzaqda olan bir ölkəyə xərcləyirik. Pulumuzu geri almırıq, artığını da istəmirik. Düşünürəm ki, biz uğur qazanacağıq. Biz Ukraynaya Avropadan üç dəfə çox pul qoyduq. 300 milyard dollar qoyduq. Onlar 100 milyard dollar qoydular. Avropa kredit olaraq verdi, Bayden isə onlara sadəcə pul verdi. Kredit yox idi, girov yox idi. Heç bir şey yox idi. Ona görə də ya müqavilə bağlayacağıq, ya da onlarla problemimiz olacaq", - ABŞ Prezidenti əlavə edib.