
BAKI, 22 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”ın İdarə Heyətinin sədr müavini Dmitri Zauersə hazırda ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən amerikalı sahibkar İlon Maskla texnologiyaların hazırlanmasında əməkdaşlıq etməyi tövsiyə edib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, Zauers Rusiya liderini Gələcək Texnologiyalar Forumu sərgisində müşayiət edib. O, dövlət başçısına bildirib ki, Rusiya raket və kosmik sənayedə istifadə olunan akkumulyatorlar, həmçinin neyroçiplər istehsal edir. Zauers bunu "İlon Maska cavab" adlandırıb və əlavə edib ki, milyarderin də şirkəti bu istiqamətdə işləyir.
“Mask ilə qüvvələri birləşdirin. Ştatlarda inzibati orqanlarda islahatları bitirdikdən sonra o, biznesə, elmə gedəcək. Siz onunla əməkdaşlıq edin”, – Putin təklif edib.
Bundan əvvəl də Forumda Rusiya prezidenti bəyan etmişdi ki, xarici ölkələr bəzi sahələrdə Rusiyanı “üstələyib”. O qeyd edib ki, mühərrik istehsalında Rusiyanın görəcəyi çoxlu işlər var.