BAKI, 11 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının paytaxtında Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, ölənlər arasında 4 Səudiyyə Ərəbistanı vətəndaşı ilə yanaşı Banqladeş, ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları da var. Yaralananlar arasında vəziyyəti ağır olan şəxslərin də olduğu bildirilir.

Bütün yaralılara xəstəxanalarda tibbi yardım göstərilir. Hücum nəticəsində hava limanına maddi ziyan dəydiyi, zərərin miqyasının qiymətləndirildiyi açıqlanıb.

“Wall Street Journal”ın mənbələrə istinadən məlumatına görə, Ər-Riyad hava limanının 3 və 4-cü terminalları raketlərin birbaşa zərbələri nəticəsində ciddi zədələnib. Nəşr hücumdan sonra binanın damının bir hissəsinin insanların üzərinə uçduğunu yazıb.

***

01:28

Səudiyyə Ərəbistanının Dammam şəhərində Kral Fəhd Beynəlxalq Hava Limanı ərazisinə mərmi düşüb.

Teleqraf xəbər verir ki, bu barədə ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki “Arab News”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, mərmi Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanının ərazisinə düşüb.

Bundan əvvəl “Reuters” şahidlərə istinadən Ər-Riyad hava limanında baş verən partlayış nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirmişdi.