BAKI, 11 oktyabr. TELEQRAF
Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin elektron sistemində yaranan nasazlıq xaricdən gələn sərnişinlərin yoxlanılmasında gecikmələrə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə hava limanının administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, sistemdəki nasazlıq hazırda JFK hava limanına beynəlxalq reyslərlə gələn sərnişinlərin yoxlanılmasına təsir göstərir. Sərnişinlərdən daha uzun gözləmə müddətinə hazır olmaları xahiş olunub.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti yaranmış problemin aradan qaldırılması üzərində işləyir. Nasazlığın səbəbi hələ açıqlanmayıb.