BAKI, 11 oktyabr. TELEQRAF

Lid: Fransanın “Thales” müdafiə şirkəti Yaponiyada hərbi texnikaya texniki xidmət və operativ dəstək göstərəcək baza yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, “Nikkei” qəzetinin məlumatına görə, Fransanın “Thales” şirkəti Yaponiyada hərbi texnikanın texniki vəziyyətinin yoxlanılması və nasazlıqların diaqnostikası üçün baza yaratmaq niyyətindədir.

Şirkətin təxminən 30 faizi Fransa hökumətinə məxsusdur. “Thales” radar və hidroakustika sistemləri sahəsində qabaqcıl texnologiyalara malikdir və Yaponiya Özünümüdafiə Qüvvələrinə hərbi texnika tədarük edir.

Yeni bazanın ilkin mərhələdə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin silahlanmasında olan texnikaya xidmət göstərməsi gözlənilir. Daha sonra xidmətlərin quru qoşunları və hava hücumundan müdafiə bölmələrinin texnikasına da şamil ediləcəyi bildirilir.

Bundan başqa, “Thales” Yaponiyanın “Japan Steel Works” şirkətinə 2R2M minaatanlarının istehsalı texnologiyasını ötürəcək. Yaponiyada bu silahların istehsalına 2027-ci ildə başlanması planlaşdırılır.