BAKI, 8 oktyabr. TELEQRAF
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq.
Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -70 kq və kişilərin -90 kq çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -70 kq çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.
Kişilərin -90 kq çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Süleyman Şükürov isə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.
Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. Cüdoçumuz Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə saat 18:00-da start veriləcək.
Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Biletləri iTicket.az platformasından əldə etmək mümkündür.