BAKI, 8 avqust. TELEQRAF
“Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri Ermənistanın Avropa İttifaqına (Aİ) daha da yaxınlaşması halında onun birlikdəki üzvlüyünü dondura bilər”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Krılov yerli mediaya deyib.
“Ermənistan Avropa İttifaqı üçün Cənubi Qafqazda təsirini artırmaq baxımından çox mühüm rol oynayır. Nikol Paşinyan gələcəkdə də Avropa İttifaqının siyasi-maddi dəstəyindən istifadə edəcək, çünki Brüssel regiondakı mövqelərini gücləndirmək niyyətindədir”, - o bildirib.
Ekspert qeyd edib ki, Ermənistanın Aİ-yə inteqrasiya cəhdlərinə cavab olaraq AİB-dən çıxarılması az ehtimal olunur:
“Bunun səbəbi birlikdə qərarların üzv ölkələrin konsensusu əsasında qəbul edilməsidir. İrəvanın özü də gələcəkdə də tamhüquqlu üzvlüyün bütün hüquq və imtiyazlarından istifadə etmək niyyətindədir. Amma AİB ölkələri KTMT-də olduğu kimi, Ermənistanın üzvlüyünün dondurulmasını gündəmə gətirə bilərlər”.