BAKI, 6 avqust. TELEQRAF

Ermənistan hökuməti üç nazirliyin adının dəyişdirilməsi ilə bağlı layihə hazırlayıb.

Teleqraf xəbər verir ki, bu addım nazirliklərin adlarının onların gördüyü işlərə və yeni vəzifələrinə daha aydın uyğun gəlməsi üçün atılıb.

Layihəyə əsasən, ölkənin xaricdəki iqtisadi maraqları və məhsul ixracı ilə məşğul olacağı üçün Xarici İşlər Nazirliyi bundan sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlanacaq.

Eyni zamanda, təkcə sosial məsələləri həll etmək yox, ümumilikdə insanların və ailələrin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə Əmək və Sosial Məsələlər Nazirliyinin adı dəyişdirilərək Əmək və Rifah Nazirliyi olacaq.

Həmçinin, ölkədə süni intellektin tətbiqi və inkişafına birbaşa cavabdehliyi öz üzərinə götürən Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlandırılacaq.

Qeyd edək ki, yeni adların rəsmiləşməsi üçün layihə yekun təsdiqə - Ermənistan parlamentinə göndərilib.