BAKI, 15 aprel. TELEQRAF
“Artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, qeyd etmək lazımdır ki, sülh hazırda kifayət qədər güclü hüquqi əsaslara malikdir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanla Azərbaycan arasında mövcud olan sülh məcburi hüquqi qüvvəyə malikdir. Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsini nəzərdə tuturam, bu, Ermənistan və Azərbaycan arasında imzalanmış ilk ikitərəfli beynəlxalq müqavilədir”, - o bildirib.
O əlavə edib ki, Ermənistan ona zorla qəbul etdirilmiş “yaşamaq uğrunda mübarizə aparmaq” gündəliyini arxada qoyub.
Baş nazirin sözlərinə görə, Ermənistan artıq normal həyat yaşamağın tarixi mərhələsinə qədəm qoyub və burada əsas missiya təhsil almaqdır:
“Bu gün Kirants kəndinin məktəbinin şagirdləri Azərbaycandan 50 metr məsafədə dərsə gedir, 30 metr məsafədə futbol oynayırlar. Sülh budur. Sülh həm də odur ki, artıq iki ildən çoxdur Ermənistan və Azərbaycan arasında atışmalar nəticəsində nə ölən, nə də yaralanan var”.