BAKI, 23 fevral. TELEQRAF

“Müasir dünyada məhz daxili işlərə qarışmaq başqa ölkələrdə “beşinci kolon”ların yaradılmasını həyata keçirmək üçün istifadə olunan əsas alətlərdən biridir. Bunu hamı etiraf edir. Bunu etiraf etməyən yeganə şəxslər isə Gürcüstanda özləri “beşinci kolon” olan və öz ölkələrinə qarşı fəaliyyət göstərmək üçün yaradılıb maliyyələşdirilənlərdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvilinin sözlərinə görə, hər bir ölkə öz maraqlarına uyğun hərəkət edir, Gürcüstan hakimiyyəti də Gürcüstanın maraqlarını qoruyur:

“Ukraynada müharibənin başlamasından dörd il keçir. Dörd il əvvəl xaricdən maliyyələşdirilən QHT və partiyalar – “beşinci kolon” parlamentin qarşısında müharibəyə qoşulmağımızı, Ukraynaya əsgər göndərməyimizi, (Rusiyaya) sanksiyalar tətbiq etməyimizi, hava məkanını bağlamağımızı, eskalasiyaya getməyimizi tələb edirdilər. Bunun sonu mütləq müharibə olacaqdı. Bunu xaricdən maliyyələşdirilən “beşinci kolon” edirdi. Öz ölkələrində bununla mübarizə aparır, qarşısını alırlar, amma burada “beşinci kolon”u maliyyələşdirirlər ki, kritik anlarda ona arxadan zərbə vursunlar, onu müharibəyə sürükləsinlər, demokratiyanın təməlini sarsıtsınlar və sair.

Hər kəs öz maraqlarını güdür. Elə düşünməyin ki, Brüssel (Avropa İttifaqı) bizim maraqlarımızla yatıb-oyanır. Hər kəs öz marağını qorumalıdır, Gürcüstan hakimiyyəti də ölkəmizin maraqlarını qoruyur”.