BAKI, 12 fevral. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze köhnə avtomobillərin idxalının qadağan ediləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, müvafiq qanun layihəsi artıq parlamentin müzakirəsinə təqdim olunub.

“Son illərdə Gürcüstanda nəqliyyat vasitələrinin sayı əhəmiyyətli və kəskin şəkildə artıb. 2012-ci ildə Gürcüstanda 864 min nəqliyyat vasitəsi qeydiyyatda idi, bu ilin göstəricilərinə görə isə bu rəqəm 2 milyonu keçib. Artımın miqyasını açıq şəkildə görürük. Nəqliyyat vasitələrinin sayının bu qədər artması bir tərəfdən yol tıxacları, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna uyğun olaraq hesab edirik ki, bu sahədə də mühüm tədbirlər görülməlidir. Bu məqsədlə parlamentə 6 ildən köhnə nəqliyyat vasitələrinin idxalını qadağan edən qanun layihəsi təqdim etmişik. Əlbəttə, müəyyən kiçik istisnalar da nəzərdə tutulacaq”, - İrakli Kobaxidze bildirib.