BAKI, 6 fevral. TELEQRAF

“Gürcüstan ABŞ-yə təmiz vərəqdən strateji tərəfdaşlığın bərpasını təklif edir”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Həm ölkə daxilində, həm də xaricdə bir neçə dəfə göstərmişik ki, qırmızı xalça sərməklə məşğul olmuruq, bizim üçün əsas kimin kimlə əl tutması deyil, məzmundur. Məzmun isə belədir: ABŞ-nin keçmiş administrasiyası (Co Bayden) Gürcüstan-ABŞ münasibətlərinə ciddi zərər vurub, indi bunun düzəldilməsinə ehtiyac var, strateji tərəfdaşlıq da dayandırılıb. Biz bu vərəqi çevirməyə hazır olduğumuzu bəyan etmişik, ABŞ xalqı və onun hakimiyyətinə Gürcüstan xalqı və hökumətinin daim dəstək və xoş niyyət göstərdiyini vurğulamışıq”, - o bildirib.

Papuaşvili qeyd edib ki, Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın bərpasını təklif edib və bu tərəfdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır:

“Əsas məsələ odur ki, ABŞ ilə məzmunlu və ciddi tərəfdaşlıq qurulsun. Xarici İşlər nazirlikləri və diplomatik nümayəndəliklər arasında işgüzar görüşlər heç vaxt dayandırılmayıb. İş prosesi davam edir, amma bizim üçün əsas olan siyasi səviyyədir, yəni ABŞ və Gürcüstan arasında münasibətlərin yenidən yüklənməsini təmin etməkdir”.