BAKI, 26 yanvar. TELEQRAF
“Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığını bərpa etməyə hazırdır və ABŞ administrasiyasının qərarını gözləyir”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
“Gürcüstan-Amerika münasibətlərinin kontekstindən xəbərdarsınız. Bu kontekst Bayden administrasiyası tərəfindən yaradılıb və çox çətindir. Görəcəyik, səbirlə gözləyirik. Açıq bəyanat verərək strateji tərəfdaşlığı sıfırdan və aydın istiqamətdə bərpa etməyə hazır olduğumuzu bildirmişik. ABŞ administrasiyasının qərarını gözləyirik”, - Kobaxidze qeyd edib.
Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə Xarici Agentlər Qanununun qəbul edilməsindən sonra pisləşib. Kobaxidzenin ötən il noyabrın 28-də Avropa İttifaqına üzvlük danışıqlarının açılması prosesinin dondurulduğunu açıqlamasından sonra ABŞ Dövlət Departamenti ölkə ilə strateji tərəfdaşlığını dayandırıb. Donald Trampın seçilməsindən sonra Gürcüstan hökuməti dəfələrlə Vaşinqtonla münasibətlərin yenidən qurulmasına ümid etdiyini bəyan edib.