“Belarus Prezidenti Aleksandr Lukaşenkonun 123 siyasi məhbusu azad etməsi qərarını alqışlayıram. Belaruslu məhbusların azad olunmasına nail olmaqda göstərdiyi humanist yanaşmaya görə Prezident Trampa xüsusi təşəkkürümü bildirirəm”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Gürcüstan xalqı Prezident Trampa böyük ümidlə baxır, Gürcüstan üçün də xüsusi nümayəndənin təyin olunmasını məmnuniyyətlə qarşılayardı. Çünki Gürcüstanda rusiyapərəst, iranpərəst və çinpərəst bir oliqarx (Bidzina İvanişvili) hakimiyyətdədir, o, yüzlərlə siyasi məhbusu, o cümlədən məni həbsdə saxlayır.

Mənə qarşı irəli sürülən son ittihamlar saxtalaşdırılmış seçkilərdən sonra zorakılığa təhriklə bağlıdır. Prezident Tramp bu cür siyasi ittihamlarla çox yaxşı tanışdır. O, buna oxşar vəziyyətdə Braziliyanın sabiq prezidenti Bolsonaro ilə də həmrəylik nümayiş etdirib. Amma mənim azadlığımdan da vacib olan Gürcüstan xalqının azadlığıdır, xalq bu azadlıq uğrunda cəsarətlə mübarizə aparır”, - Saakaşvili qeyd edib.