BAKI, 10 dekabr. TELEQRAF

Azərbaycanın Almaniyadakı səfiri Nasimi Ağayev Berlində Xarici Siyasət Cəmiyyətində keçirilən tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.

Teleqraf xəbər verir ki, ermənicə “Almaniyaya xoş gəlmisiniz” deyən diplomat daha sonra ingilis dilinə keçib.

Səfirin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir:

“Bu, münasibətlərimizdə əldə etdiyimiz ən sabit və ən dinc dövrdür. Elə bir vəziyyətə nail olmuşuq ki, övladlarımız və nəvələrimiz bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacaqlar. Ümid edirəm ki, onlar həmişə sülh içində yaşayacaqlar. Əlbəttə, sülh gündəminin təşəbbüskarı Azərbaycan olub”.

Nəsimi Ağayev Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini də vurğulayıb: “Xüsusilə bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP layihəsinə aiddir”.

Ağayev sülh sazişinin imzalanması üçün son maneədən - Ermənistan Konstitusiyasının dəyişdirilməsindən də danışıb:

“Ümid edirik ki, sülh sazişinin imzalanması üçün bu məsələ də aradan qaldırılacaq”.