BAKI, 4 dekabr. TELEQRAF

“Gürcüstanın suveren ərazisinin iyirmi faizi bu günədək işğal altındadır, Rusiya Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ATƏT-in iclasında deyib.

“İşğalın nəticələri ağırdır: etnik təmizləmə, insan hüquqlarının kobud şəkildə pozulması, işgəncə və qətl hallarının faciəvi nümunələri, on illərdir öz evlərinə qayıtmaq ümidi ilə yaşayan yüz minlərlə məcburi köçkün. Beynəlxalq ictimaiyyət hibrid müharibə və ilhaqa yönəlmiş addımları görməzdən gələ bilməz və gəlməməlidir. Rusiyanın işğal və yerli əhalinin hüquqlarının pozulmasına görə məsuliyyəti beynəlxalq məhkəmələr, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayətlər Məhkəməsi tərəfindən təsdiqlənib. Buna baxmayaraq, Rusiya öz öhdəliklərini yerinə yetirməkdən yayınır”, - nazir bildirib.

Maka Boçorişvili əlavə edib ki, Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 2008-ci il atəşkəs razılaşması da yerinə yetirilmir və Aİ müşahidə missiyasına hələ də öz mandatını tam icra etmək və işğal olunmuş ərazilərə çıxış əldə etmək imkanı verilmir: “Gürcüstanın məqsədi münaqişənin sülh yolu ilə həlli və ölkənin ərazi bütövlüyünün bərpasıdır. Bu baxımdan beynəlxalq Cenevrə prosesi mühüm mexanizm olaraq qalır”.

Xarici işlər naziri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli ATƏT və digər beynəlxalq təşkilatların gündəliyində əsas prioritetlərdən biri olmalıdır.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi dünən verdiyi bəyanatla “Cənubi Osetiya və Abxaziya respublikalarının tanınması” barədə qərarının dəyişdirilməyəcəyini bəyan edib.