BAKI, 23 avqust. TELEQRAF
Tərəflər üç ölkənin nəqliyyat və logistika sektorunda böyük potensialını nəzərə laraq, onların tranzit imkanlarından istifadə etmək məqsədilə Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu üzrə və əks istiqamətdə multimodal daşımaların aktivləşdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda üç ölkənin səlahiyyətli orqanları tərəfindən imzalanmış Nəqliyyat və Logistika Əməkdaşlığı üzrə Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.
Teleqraf xəbər verir ki, bu barədə avqustun 22-də Türmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüşün yekunu üzrə qəbul edilmiş birgə bəyannamədə bildirilib.
Həmçinin bəyannamədə qeyd olunub:
“Tərəflər nəqliyyat və rabitə təchizatı sistemlərinin inkişafı, nəqliyyat əməliyyatlarının əlaqələndirilməsi, bu fəaliyyətlərin təşkili şərtlərinin sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün birgə işçi qrupunun yaradılmasını dəstəkləyiblər.
Tərəflər ölkələr arasında hava nəqliyyatının, biznesin və turizmin inkişafının vacibliyini qeyd ediblər. Bu, yük və sərnişin daşımalarının artmasına töhfə verəcək”.
Xatırladaq ki, 22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Sonda üçtərəfli görüşün yekunu üzrə liderlərin 12 bənddən ibarət birgə bəyannaməsi qəbul olunub.