TBİLİSİ, 23 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın daxili işlər naziri Gela Geladzeni qəbul edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

N.Paşinyan G.Geladzeni məsul vəzifəyə təyinatı münasibətilə təbrik edib, onun səlahiyyəti dövründə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığım daha fəal və səmərəli olacağına ümudvarlıq ifadə edib.

G.Geladze öz növbəsində regionda sülh və sabitliyin təmin olunmasında iki ölkə arasında çoxəsrlik dostluğun və möhkəm əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı əməkdaşlıq, cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə addımları müzakirə olunub, Ermənistan və Gürcüstan daxili işlər nazirləri arasında aparılmış müzakirələrin təfərrüatları təqdim edilib.

***

16:37

TBİLİSİ, 23 iyun. TELEQRAF

Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın daxili işlər naziri Gela Geladze həmkarı Arpine Sarqsyanla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx və səmərəli tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə məlumat və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. G.Geladze Gürcüstan tərəfinin Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu bildirib.

DİN başçıları Cənubi Qafqaz bölgəsinin sabit inkişafı üçün sülh və əməkdaşlığın zəruriliyinə də toxunublar.

Naziri səfərdə müavini Aleksandre Daraxvelidze, Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze və Patrul Polis Departamentinin rəhbəri Levan Maysuradze müşayiət edirlər.

***

10:44

TBİLİSİ, 23 iyun. TELEQRAF

Gürcüstanın daxili işlər naziri Gela Geladze Ermənistana rəsmi səfərə yollanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nazir səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və DİN rəhbəri Arpine Sarqsyanla görüşəcək.

Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Söhbət zamanı Cənubi Qafqaz regionunda sülh və sabitliyin önəminə də toxunulacaq.

Qeyd edək ki, G.Geladze mayın 28-də Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin edilib. O, iyunun 13-də Azərbaycanda rəsmi səfərdə olub.