CƏLİLABAD, 16 noyabr. TELEQRAF
Cəlilabad rayonunun Buravar sıra dağlarının ətəyində yerləşən Qamışlıgöl kəndi təkcə təbiəti ilə deyil, həm də əsrlərdir “şəfalı göl” kimi tanınması ilə məşhurdur. Kəndin ən hündür nöqtəsindəki bu gölü xüsusi edən isə burada yaşayan zəlilərdir.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, qədim mənbələrdə bu gölün Topal Teymur tərəfindən yaradıldığı, sahilində isə bir vaxtlar açıq şəfa mərkəzinin fəaliyyət göstərdiyi barəsində məlumatlar var. Sakinlərin sözlərinə görə, zəli ilə müalicə üçün təkcə Cəlilabaddan deyil, yaxın rayonlardan da bura üz tutanlar çoxdur.
Kənd sakini Mirzə Mirzəyev bildirir ki, zəlini əldə etmək üçün sadə üsuldan istifadə olunur:
“Heyvan dərisini suya atırlar, ip bağlayıb gözləyirlər. Bir neçə dəqiqə sonra çıxaranda zəlilər həmin dərinin üzərinə yığılır.”
Digər sakinlər də zəli ilə müalicənin faydasını qeyd edirlər. Onların sözlərinə görə, revmatizm, yüksək qan təzyiqi, oynaq ağrıları kimi problemlərdə zəli terapiyası uzun illərdir istifadə olunur və nəticəsi hiss olunur.
Qış aylarında dala adlanan bitkinin kökündə gizlənən zəlilər havalar istiləşdikcə suya doğru hərəkət edir. Bədənə yapışan zəli əvvəlcə qanı sorur, daha sonra dərini nazik şəkildə deşərək ağız suyundakı hirudin maddəsini yaraya buraxır. Bu ferment bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayır.
Azərbaycanda zəlilərin 17 növü var və 1984-cü ildən etibarən bu canlıların adı “Qırmızı kitab”a daxil olunub.