BAKI, 4 iyun. TELEQRAF
NASA 2025-ci ilin sonunda Mars orbitində fəaliyyət göstərən MAVEN zondunun itirilməsinin mümkün səbəblərini açıqlayıb.
Teleqraf xəbər verir ki, NASA-nın qərargahında keçirilən onlayn brifinqdə çıxış edən MAVEN layihəsinin rəhbəri Maykl Moro bildirib ki, aparat Marsın kölgəsindən çıxdıqdan sonra naməlum səbəbdən anormal sürətlə fırlanmağa başlayıb.
Onun sözlərinə görə, bu vəziyyət zondun enerji ehtiyatlarının qısa müddətdə tükənməsinə gətirib çıxarıb.
“Biz Marsdan gələn bütün siqnalların öyrənilməsinə həsr olunmuş eksperiment sayəsində MAVEN-dən telemetriya məlumatlarının bir hissəsini əldə edə bildik. Həmin məlumatlar göstərir ki, aparat Marsın kölgəsindən çıxdıqdan sonra anormal sürətlə fırlanıb. Ehtimal olunur ki, bu səbəbdən stansiyanın batareyaları bir neçə saat ərzində tam boşalıb və nəticədə zond tamamilə itirilib”, – Moro deyib.
Layihə rəhbəri vurğulayıb ki, missiyanın belə sonluqla başa çatmasına baxmayaraq, MAVEN NASA üçün böyük uğur hesab olunur. O qeyd edib ki, aparat həm Marsın atmosferi ilə bağlı mühüm elmi məlumatlar toplayıb, həm də Qırmızı planeti araşdıran digər kosmik aparatlarla əlaqənin təmin edilməsində mühüm rol oynayıb.
MAVEN planetlərarası stansiyası 2013-cü ilin noyabrında Marsın atmosferinin quruluşunu və davranışını öyrənmək, həmçinin planetin atmosferi və okeanlarının hansı səbəbdən kosmosa sovrulduğunu araşdırmaq məqsədilə kosmosa göndərilmişdi. Aparat 2014-cü ilin sentyabrında Mars orbitinə daxil olub və o vaxtdan bəri planetin atmosferi barədə geniş məlumatlar əldə edib. MAVEN həmçinin Günəş aktivliyinin artdığı dövrlərdə atmosferin kosmosa yayılmasının kəskin sürətləndiyini müəyyənləşdirib.
NASA 2025-ci ilin dekabrında zondla əlaqənin kəsildiyini açıqlamış və hadisənin səbəblərinin araşdırıldığını bildirmişdi.