CƏLİLABAD, 3 fevral. TELEQRAF

Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan 92 yaşlı Həbulla Məmmədov ömrünü musiqiyə həsr edib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, saz, tar və digər simli musiqi alətləri onun həyatının ayrılmaz parçası olub. Ustad yalnız ifa etmir, həm də ifa etdiyi alətləri öz əli ilə hazırlayır, onların hazırlanma və ifa sirlərini öyrənmək üçün illərlə peşəkar muğam ustadlarını müşayiət edib.

Həbulla Məmmədov rəsmi musiqi təhsili almasa da, illər boyu peşəkar muğam ustadlarını müşayiət edərək muğamın dərin və sirli qatlarını öyrənib: “Mən öyrənmişəm Abuzər Şövqatovdan, ifa edirdim, gəlirdim yenə evdə təkrarlayırdım. Sonra yavaş-yavaş adlaşandan sonra Yusif Məmmədovla işlədim. Sonra Sabir Əliyev. Onu həm öyrətdim, həm də toylara apardım. Ağadadaş Ağayevi də öyrətdim. Sabir Mirzəyevlə də uzun müddət işləmişəm. Rəhmətlik mənim yerimdə yatırdı. Toydan gəlib bizdə yatardıq. Atası Nüsrət kişi, yaxşı sənətkar idi. Əlibaba Məmmədov, Sabir Novruzov, Yaqub Məmmədov və başqaları ilə işləyib".

Kiçik yaşlarında atasını itirən Həbulla Məmmədov uzun illər dolanışığını məhz bu sənətdən çıxarıb. O, ifa etdiyi musiqi alətlərinə əlavə pul ödəməmək üçün onların hazırlanma qaydalarını öyrənib. Ağacdan öz əli ilə düzəltdiyi alətləri həm ifa edib, həm də satışa çıxararaq onlardan gəlir əldə edib.

Onun üçün muğam sadəcə səs deyil, ömür boyu yaşadığı hisslərin, ağrıların və sevincin dilə gəlmiş halıdır. Həbulla Məmmədov uzunömürlülüyünün sirrini musiqidə gördüyünü deyir. Tar sədalarının illər boyu ruhunu bəslədiyini, ona həyat eşqi verdiyini və məhz musiqiyə olan bu dərin bağlılığın onu bu yaşa qədər gətirib çıxardığını bildirir.