BAKI, 4 iyun. TELEQRAF

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal Beynəlxalq Futbol Araşdırmaları Mərkəzinin (CIES) versiyasına görə ikinci il ardıcıl dünyanın ən bahalı futbolçusu olub.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

CIES 18 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 358,1 milyon avro qiymətləndirib.

Siyahıda ikinci yeri İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holand tutub. Onun transfer dəyəri 227,3 milyon avro göstərilib.

İlk üçlüyü isə İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe tamamlayıb. Onun bazar dəyəri 165,7 milyon avro olaraq qiymətləndirilib.

Lamin Yamal ötən il də CIES-in ən bahalı futbolçular reytinqinə başçılıq etmişdi. Həmin vaxt onun transfer dəyəri 402,3 milyon avro təşkil edirdi. Reytinqdə ikinci yerdə yenə Holand, üçüncü pillədə isə “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşmışdı. Bellinqem bu il ilk onluğa düşə bilməyib.

“Barselona”nın yetirməsi olan Yamal əsas komandada 2023-cü ildən çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 45 oyunda meydana çıxaraq 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

Gənc futbolçu “Barselona” ilə birlikdə iki dəfə İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun, bir dəfə isə ölkə kubokunun qalibi olub.

Lamin Yamal İspaniya millisində debütünü 2023-cü ildə edib. O, milli komandanın heyətində keçirdiyi 25 oyunda 6 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının qalibi olub, 2025-ci ildə isə UEFA Millətlər Liqasının finalına yüksəlib.