YARDIMLI, 19 yanvar. TELEQRAF

Cənub bölgəsində yağan qar Yardımlı rayonunda nəqliyyatın hərəkətini çətinləşdirib.

Teleqraf-a daxil olan məlumata görə, rayon ərazisində qarın hündürlüyü 30 sm-ə çatıb. Ucqar kəndlərdə isə qar örtüyünün daha çox olduğu bildirilir.

Məlumata əsasən, Arvana kəndində qarın hündürlüyü 50 sm-dən çoxdur.

Qarın intensiv yağması bəzi ərazilərdə yolların bağlanmasına səbəb olub. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Bundan əlavə, qar yağıntısı bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.
Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən yolların açılması və yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.