BAKI, 4 iyun. TELEQRAF

ABŞ iyul ayında təxminən 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ticarət araşdırmasının nəticələrinə əsasən Avropa İttifaqı ölkələri, Kanada, Rusiya, Çin və Hindistan da daxil olmaqla bir sıra dövlətlərin məhsullarına 10% və ya 12,5% həcmində əlavə rüsumların tətbiqi nəzərdə tutulur.

Məlumata əsasən, yeni tariflər ictimai müzakirə müddəti başa çatdıqdan sonra gələn ay qüvvəyə minə bilər. ABŞ-nin Ticarət Danışıqları üzrə Nümayəndəsinin Aparatı bu həftənin əvvəlində həmin rüsumların tətbiqini tövsiyə edib.

Araşdırma mart ayında müxtəlif ölkələrdə məcburi əməyin istifadəsi ilə istehsal olunan məhsulların idxalına dair qaydaların öyrənilməsi məqsədilə başlanıb. ABŞ tərəfi bu ölkələrdə belə məhsulların idxalına qadağanın olub-olmadığını və bunun Amerika ticarətinə təsir göstərib-göstərmədiyini araşdırdığını bildirib.

Qurumun açıqladığı nəticələrə görə, yoxlamaya cəlb edilən ölkələrin heç birində sözügedən məhdudiyyətlər tam şəkildə tətbiq edilmir və bu vəziyyət ABŞ-nin ticarət maraqlarına zərər vurur.

Bu səbəbdən Kanada və Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullara 10%, Rusiya, Çin və Hindistandan gətirilən məhsullara isə 12,5% əlavə tarif tətbiq olunması tövsiyə edilib.

Araşdırma ABŞ-nin 1974-cü il tarixli “Ticarət haqqında” qanununun 301-ci maddəsi əsasında aparılıb. Həmin müddəa ABŞ prezidentinə ölkənin ticarət maraqlarına qarşı hesab edilən xarici məhdudiyyətlərə cavab olaraq müxtəlif tədbirlər görmək səlahiyyəti verir.

Qeyd olunur ki, rüsumların tətbiq ediləcəyi gözlənilən bəzi ölkələr Vaşinqtonun bu addımlarını əsassız hesab etdiklərini bildiriblər.