CƏLİLABAD, 5 dekabr. TELEQRAF
Cəlilabadın Zəvvar ovçuluq təsərrüfatında ekoloji vəziyyət sürətlə pisləşir. Bir vaxtlar çöl quşlarının əsas miqrasiya marşrutu və təbii sığınacağı olan ərazi indi su çatışmazlığı səbəbindən səhralığa çevrilməkdədir.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, əvvəllər su ilə dolub-daşan düzənliklərin yerində indi qurumuş torpaq və kütləvi şəkildə məhv olan yulğun kolları qalıb.
Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl bu sahədə qayığa minmək mümkün idisə, hazırda nə quş səsi duyulur, nə də canlıların izinə rast gəlinir. Susuzluq fauna sistemini sıradan çıxardığı kimi flora qatında da ciddi tələfat yaradıb. "Qırmızı Kitaba" daxil olan yulğunların kütləvi quruması ekoloji zəncirin qırılmasının əsas göstəricisi sayılır.
Balharı çayının səviyyəsinin enməsi və Muğan kanalından verilən suyun yalnız əkin sahələrinə yönəldilməsi bataqlığın tamamilə qurumasına səbəb olub.
Ekoloqlar bildirirlər ki, Zəvvardakı səhralaşma prosesi ekosistemin geridönməz həddə yaxınlaşdığını göstərir və su təminatı bərpa olunmadığı halda ərazinin əvvəlki təbii həyatını qaytarmaq artıq mümkün olamaya bilər.