Lənkəranda torpaq sürüşməsi qeydə alınıb, sürüşən torpaq qatı Ulum çayına tökülüb.

Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Separadi kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, təqribən 200 metr uzunluqda və 7 metr hündürlükdə torpaq qatı yerindən qoparaq sürüşüb və Ulum çayının yatağına tökülüb.

Kənd sakinlərinin sözlərinə görə, ərazidə sürüşmə prosesi uzun müddətdir davam edir. Son günlər yağan intensiv yağışlardan sonra vəziyyət daha da gərginləşib və torpaq sürüşməsi aktiv fazaya keçib. Sakinlər bildirirlər ki, çaya sel gələn zaman suyun səviyyəsi qalxır, daşqın baş verir və ətraf sahələrə ciddi ziyan dəyir. Sel suları nəticəsində meyvə ağacları, eləcə də toyuq-cücə saxlamaq üçün tikilmiş hinlər dağılıb.

Artıq əlaqədar qurumlar tərəfindən ərazidə təhlükənin daha da böyüməsinin qarşısını almaq məqsədilə texnikaların köməyi ilə yerli materiallardan istifadə olunaraq müvəqqəti torpaq bəndlərinin qurulması nəzərdə tutulur. Daha sonra isə aidiyyəti üzrə yuxarı qurumlara müraciət ediləcək, komissiya tərəfindən əraziyə baxış keçirilərək layihə-smeta sənədlərinin hazırlanmasına başlanacaq.

Qeyd edək ki, daha əvvəl Ulum çayının sağ və sol sahillərində ümumilikdə 500 metrədək bənd vurulsa da, əlavə maliyyə vəsaiti ayrılmadığından işlər yarımçıq qalıb. Sakinlər isə ərazidə əsaslı sahilbərkitmə işlərinin aparılmasını istəyirlər.