BAKI, 4 iyun. TELEQRAF

ABŞ hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu iddia edilən daha bir qayığa zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, iyunun 3-də həyata keçirilən əməliyyat nəticəsində iki nəfər həlak olub.

Komandanlığın "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd olunub ki, əməliyyat Cənub Komandanlığının rəhbəri admiral Frensis Donovanın göstərişi ilə “Cənub Nizəsi” birgə əməliyyat qrupu tərəfindən həyata keçirilib.

“Əldə olunan kəşfiyyat məlumatları təsdiqləyib ki, sözügedən gəmi Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edib və narkotiklərin daşınmasında istifadə olunub”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, mayın sonunda “The New York Times” qəzeti ABŞ-nin narkokartellərə məxsus olduğu iddia edilən gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 200 nəfəri keçdiyini yazmışdı.

ABŞ müdafiə naziri Pit Heqset narkokartellərə qarşı yönəlmiş “Cənub Nizəsi” əməliyyatının başlandığını 2025-ci ilin noyabrında elan etmişdi.