LƏNKƏRAN, 14 mart. TELEQRAF
Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdləri mina təhlükəsindən qorunmaq üçün “ağıllı çəkmə” hazırlayıblar.
Teleqrafın Cənub bürosu xəbər verir ki, şagirdlərin hazırladığı sistem çəkmənin alt hissəsinə yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub.
Sistem əsgər addım atmadan əvvəl 6–8 sm məsafədə torpaq altında olan metal və mina ehtimalını müəyyən edərək səs, vibrasiya və ya işıq siqnalı ilə xəbərdarlıq edir.
Layihəyə dəstək olan fizika müəllimi Seyran Əliyevin sözlərinə görə, çəkmədə yerləşdirilən piezo element addım zamanı yaranan enerjini elektrik enerjisinə çevirərək batareyanı doldurur və cihazın fasiləsiz işləməsini təmin edir.
Qeyd edək ki, bu layihə “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.