ASTARA, 5 mart. TELEQRAF
Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsində icazəsiz foto və video çəkilişi edən əcnəbi vətəndaşla bağlı tədbir görülüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə bu gün baş verib.
Məlumata görə, ötən gün qardaşını axtarmaq məqsədilə Azərbaycan ərazisindən İrana keçən və Xorvatiya vətəndaşı olduğu bildirilən şəxs bu gün səhər saatlarında geri qayıdarkən Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsində mobil telefonu vasitəsilə Astara Gömrük İdarəsinin inzibati binasının daxilində icazəsiz foto və video çəkilişi aparıb.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin şəxsə yaxınlaşılaraq qanunsuz çəkilişlə bağlı profilaktik söhbət aparılıb və əldə etdiyi görüntülərin silinməsi tələb olunub.
Şəkillər silindikdən sonra əcnəbi vətəndaş etdiyi hərəkətə görə üzr istəyib və sərhədi tərk etməsinə icazə verilib.